Pakistan–Əfqanıstan sərhədində terror hücumu: Üç polis həlak olub
Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhədyanı Dera-İsmail-Xan bölgəsində polis əməkdaşlarını daşıyan avtomobil yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində hədəfə alınıb. Hadisə zamanı üç polis həlak olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qurumları partlayışın əl istehsalı partlayıcı vasitə ilə həyata keçirildiyini bildiriblər. Ərazi nəzarətə götürülüb və cinayəti törədənlərin tapılması üçün xüsusi əməliyyat başlanılıb.
Məlumata görə, bu hücum bölgədə son üç gündə polislərə qarşı törədilən sayca üçüncü silahlı insidentdir. Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi hücuma görə “Təhrik-e Taliban Pakistan” təşkilatını ittiham edib. Onun sözlərinə görə, ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib və bu cür hücumların qarşısının alınması üçün əməliyyatlar davam etdirilir.
Nazir bildirib ki, “terror qrupları bölgədə sabitliyi pozmaq məqsədi güdür, lakin hökumət buna imkan verməyəcək”. O, həmçinin təhlükəsizlik qüvvələrinə qarşı artan hücumların Pakistan üçün ciddi çağırış olduğunu vurğulayıb.
18:18 03.12.2025
Oxunuş sayı: 492