Zəfər Günü münasibətilə Brüsseldə rəsmi tədbir keçirilib
Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Brüsseldə Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılıb, ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında nümayəndəsi polkovnik Ramil Həsənov ölkəmizin 2020-ci il Vətən müharibəsində qazandığı şanlı Qələbənin tarixi, siyasi və strateji əhəmiyyətindən bəhs etdilər.
Natiqlər həmçinin Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyini irəli aparmaq istiqamətində həyata keçirdiyi siyasətdən, beynəlxalq platformalarda artan nüfuzundan və müstəqil dövlət kimi qazandığı uğurlardan danışıblar.
Tədbirdə diplomatik korpusun nümayəndələri, Belçika ictimaiyyəti və Azərbaycan icmasının üzvləri iştirak ediblər.(Azərtac)
23:30 12.11.2025
Oxunuş sayı: 1311