Əhmədli qəsəbəsi ərazisində torpaq sürüşməsi olub - YENİLƏNİB
"Xətai rayonu Əhmədli qəsəbəsində baş verən sürüşmə texniki səbəblərdən baş verib".
Crossmedia.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ərazidə vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir: “Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".
Ənvər Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb: “Ərazidə mütləq tez bir zamanda su təsərrüfat sistemi yenilənməlidir və müasir borularla əvəzlənməlidir. Çünki ərazidə boruların axıntısından sınıq yerlər yaranıb. Bu gələcəkdə sözügedən ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində biz qırıntılar aşkar etmişik. Gələcəkdə burada daha böyük sürüşmə ola bilər".
10:39
Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində torpaq sürüşməsi olub.
Crossmedia.az xəbər verir ki, baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.
"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək" - Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
12:16 12.11.2025
Oxunuş sayı: 1116