Zəfər Gününün münasibətilə Əlcəzairdə tədbir təşkil edilib
Azərbaycanın Əlcəzairdəki səfirliyi 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirib.
Crosmedia.az-ın məlumatına görə, səfirlikdən bildirilib ki, tədbirdə Əlcəzairin dövlət və hökumət nümayəndələri, tanınmış siyasi-ictimai xadimlər, burada akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Əlcəzairdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Əlcəzairin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Əlcəzairdəki səfiri cənab Tural Rzayev çıxış edərək, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıdığını, bu günün ölkəmizin tarixində qürur və şərəf səhifəsi kimi qeyd olunduğunu bildirib. T.Rzayev Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan 8 Noyabr - Zəfər Gününün xalqımızın birliyi, əzmkarlığı və mübarizliyinin simvolu olduğunu vurğulayıb.
Səfir deyib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpasına nail olub, beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin edib. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərin xalqın birliyi və iradəsinin təntənəsi olduğunu söyləyib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədən sonra Azərbaycan xalqının Dövlət Bayrağı Gününü daha böyük qürur və sevinclə qeyd etdiyi diqqətə çatdırılıb.
Çıxışında diplomat həmçinin bildirib ki, bu qələbə təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbədir. Azərbaycan bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə yönəlmiş siyasət həyata keçirir. O, Ermənistanla sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlara toxunaraq, Azərbaycanın sülhsevər və konstruktiv mövqeyini diqqətə çatdırıb. Səfir cari il avqustun 8-də Vaşinqtonda əldə olunmuş sülh razılaşmasının Azərbaycanın daim sülh təşəbbüsü ilə çıxış edən ölkə olduğunu bir daha əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.
T.Rzayev işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından danışıb.
Ziyafətlə davam edən tədbirdə, 8 Noyabr - Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, Azərbaycanın tarixi şəhərləri və azad edilmiş torpaqlarının bərpası ilə bağlı görüntülər izlənilib. Qonaqlara Azərbaycanın müstəqillik və inkişaf yolundan bəhs edən çap materialları təqdim olunub.(Trend)
Tədbir çərçivəsində qonaqlar Azərbaycanın zəngin mədəni irsi və Zəfər Günü münasibətilə hazırlanmış sərgiyə böyük maraq göstəriblər.
Sonda, qonaqlar səfirliyə bu əlamətdar gündə təşkil edilmiş tədbir üçün minnətdarlıq bildirərək, Azərbaycan xalqına davamlı sülh, tərəqqi və rifah arzularını çatdırıblar.
Tədbir Əlcəzairin nüfuzlu xəbər portallarında geniş şəkildə yayımlanıb.
23:06 09.11.2025
Oxunuş sayı: 1129