Naxçıvan Regional Bank Forumu keçirilib
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə və Zəfərin 5 illik yubileyinə həsr olunmuş Naxçıvan Regional Bank Forumu keçirilib.
Crossmedia.az xəbər verir ki, forum iştirakçıları Naxçıvan Dövlət Universitetində təşkil edilən rəsm və yaradıcılıq sərgisinə baxıblar. Forumun açılış tədbirində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Universitetin xor kollektivi Zəfər mahnısını səsləndirib, “Konstitusiya və Suverenlik İli”nə və Zəfərin 5 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli əlamətdar tədbirin həm iqtisadi baxımdan, həm də mənəvi dəyərinə görə mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, ümumi iqtisadi sabitliyin və inkişaf kursunun tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası da son illərdə böyük iqtisadi yüksəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” regionun iqtisadi potensialının daha səmərəli istifadəsini, yeni istehsal sahələrinin və investisiya mühitinin formalaşmasını təmin edir.
Samir Seyidəhmədli diqqətə çatdırıb ki, inkişaf kursuna uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən dövlət idarəçiliyində müasir texnoloji yanaşmalar tətbiq olunur. Belə ki, idarəetmədə məlumatların toplanması, təhlili və qərarvermə proseslərində səmərəliliyin artırılması məqsədilə 80-dən artıq dövlət qurumunu birləşdirən “smartnet.az” portalı yaradılıb.
Səlahiyyətli nümayəndənin müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank və digər qurumların iştirakı ilə maliyyə sektorunda atılan bir sıra mühüm addımlardan bəhs edərək görülən işlərin real nəticələrinin bütün sahələrdə özünü göstərdiyini qeyd edib. Bildirib ki, cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada fəaliyyət göstərən bank filialları tərəfindən 389 milyon 47 min manat kredit verilib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 32,2 faiz çoxdur. Bu, təkcə statistik göstərici deyil, region iqtisadiyyatına olan inamın, sahibkarlığın inkişafına və investisiya fəallığının artmasına yönələn məqsədyönlü dövlət siyasətinin konkret nəticəsidir. Cari ildə verilmiş kreditlərin 133 milyon 387 min manatı real sektorun inkişafına yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz artım deməkdir. Bu artım istehsal sahələrinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və yerli məhsul istehsalının güclənməsinə birbaşa təsir göstərir.
Samir Seyidəhmədli muxtar respublika iqtisadiyyatının əsası sayılan sahələr üzrə də ciddi artımların müşahidə olunduğunu xüsusi vurğulayaraq qeyd edib ki, sənaye sahəsində 49,8 faiz, nəqliyyat və rabitə sahəsində 3,8 dəfə, kənd təsərrüfatında isə 1,8 faiz artım müşahidə edilib. 2025-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada fəaliyyət göstərən banklara məxsus ödəniş alətləri vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 908 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Eyni zamanda, POS-terminalların sayında 72 faiz, ödəniş terminallarının sayında isə 40,3 faiz artım qeydə alınıb.
Bəzi istiqamətlərdə əlavə diqqət tələb edən məsələlərdən də söz açan səlahiyyətli nümayəndənin müavini vurğulayıb ki, Naxçıvan ölkə başçısı tərəfindən azad iqtisadi zona elan edilib. Bu da o deməkdir ki, muxtar respublika rezidentləri 10 il müddətində iqtisadi güzəştlər, əsasən də vergi və sosial sığorta güzəştlərindən yararlanacaqlar. Bu da iqtisadi fəallığı daha da artıracaq. Bank sektoru da bu islahatlara öz töhfəsini verməli, maliyyə alətlərinin əlçatanlığını təmin etməlidir.
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın xüsusi əhəmiyyətinə toxunaraq bildirib ki, proqramın icrası çərçivəsində Naxçıvanda bank sektorunun infrastrukturunun genişləndirilməsi davam edib. Bu da Naxçıvanda maliyyə infrastrukturunun gücləndiyini və sahibkarlığın maliyyə dayanıqlılığının artdığını təsdiqləyir. Maliyyə xidmətlərinə əlçatanlığın genişləndirilməsi, güzəştli kreditlərin verilməsi, innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən kompleks tədbirlər, o cümlədən maliyyə institutlarının xidmət şəbəkələrinin genişləndirilməsi əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırır. Bu islahatlar fonunda sabitliklə innovasiyanın, ədalətlə rəqabətin və uğurla iqtisadi azadlığın vəhdəti təmin edilir.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev forumda çıxış edərək bildirib ki, son illər ölkəmizin iqtisadi gücünün artması bankların regionlarda, xüsusən də Naxçıvan ərazisində sahibkarlığın maliyyələşməsinə yönəlmiş fəaliyyətlərinin reallaşmasına yeni imkanlar açır. Vergi islahatları, suverenliyin möhkəmlənməsi və bank sektorunun inkişafı Naxçıvanın iqtisadi perspektivlərini artırır. Hazırda Naxçıvanda 7 bankın 14 filialı, 5 BOKT və 1 Kredit İttifaqı fəaliyyət göstərir. Nəqliyyat dəhlizlərinin açılması Naxçıvan üçün yeni iqtisadi perspektivlər açır. Muxtar respublika logistika, ticarət, aqrar, emal, turizm və bərpaolunan enerji sahələrində yeni mərhələyə qədəm qoyur. Bank sektoru da yeni tələblər əsasında Naxçıvanın maliyyə xidmətlərinin genişləndirilməsi, sahibkarlığın maliyyələşdirilməsi, iqtisadi fəallığın artırılması, eləcə də təklif və təşəbbüslərlə çıxış edir. 2026-cı ilin büdcə proqnozlarında Naxçıvan Muxtar Respublikasının gəlirlərinin artması və defisitinin azalması bu istiqamətdə atılan addımların artıq müsbət nəticə verdiyini göstərir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev banklarla ali təhsil ocağı arasında səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdıraraq kadr hazırlığı və əməkdaşlığın genişləndirilməsi məqsədilə universitetdə süni intellektə əsaslanan bank simulyasiya mərkəzinin açılmasını, müvafiq ixtisaslar üçün modul dərslərin keçirilməsinin nəzərdə tutulmasını təklif edib. Eləcə də ali təhsil ocağında 35-ə yaxın ölkədən 2 min əcnəbi tələbənin təhsil aldığı nəzərə alınaraq kampus ərazisində valyutadəyişmə məntəqəsinin qurulmasının, əcnəbi tələbələrə müvafiq kartların verilməsi prosesinin sadələşdirilməsi və sürətləndirilməsi, həmçinin banklarla birgə ortaq nəşrlərin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin direktoru Elçin Əliyev forumu bank sektorunun regionda rolu, gələcək inkişaf istiqamətləri və maliyyə maarifləndirilməsinin dərinləşdirilməsi baxımından önəmli bir dialoq platforması kimi dəyərləndirərək diqqətə çatdırıb ki, bu gün Naxçıvanda fəaliyyət göstərən banklar müxtəlif istiqamətlərdə - sahibkarlığın dəstəklənməsi, rəqəmsal bank xidmətlərinin genişləndirilməsi və kadr potensialının artırılması, sosial layihələrin icrası sahələrində mühüm işlər görürlər. Son 4 il ərzində 4 bankın Naxçıvan filialının, 6 bank şöbəsinin, 7 sığorta şirkətinin Naxçıvan filialının və rayon nümayəndəliklərinin, son 1 il ərzində isə 1 bank olmayan kredit təşkilatının Naxçıvan şəhəri və rayonlarda olmaqla 3 filialının, fəaliyyətə başlaması Dövlət Proqramında Mərkəzi Bankın qarşısına qoyulmuş tapşırıqların uğurlu icrasının bariz nümunəsidir.
Forum çərçivəsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş tapşırıqların icrasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib, muxtar respublikada mövcud iqtisadi reallıqlar, gələcək gözləntilər, regionda iqtisadi canlanmanın təşviqində bankların rolu, həmçinin bank sektoruna dair infroqrafik məlumatlar təqdim olunub. Həmçinin universitetin tələbə və müəllimləri üçün keçirilən müzakirələrdə rəqəmsal bankçılıq, müasir bank xidmətləri və bank sektorunda karyera perspektivləri mövzuları müzakirə edilib.(AZƏRTAC)





19:52 07.11.2025
Oxunuş sayı: 1339