Madriddə Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı və qəbul keçirilib
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Madrid şəhərinin mərkəzində “Sülhün səsi” adlı konsert proqramı keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, konsertdə Azərbaycanın tanınmış tarzəni, Əməkdar artist Şəhriyar İmanov və pianoçu, caz ustası, bəstəkar Etibar Əsədli zəngin musiqi proqramı ilə çıxış ediblər. Onların ifası salonda böyük coşğu yaradıb, tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Tədbirin qonaqları Azərbaycanın zəngin musiqisini, Caz-Muğam üslubunda improvizasiyaları dinləməkdən xüsusi zövq alıblar.
Tədbirin açılışında söz alan səfir Ramiz Həsənov qeyd edib ki, 8 noyabr tarixi Azərbaycan xalqının yaddaşında ədalətin bərpa olunduğu, ərazi bütövlüyünün təmin edildiyi əlamətdar gündür. O bildirib ki, bu Zəfər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu xarici və daxili siyasətin davamı olaraq Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi, xalqın həmrəyliyi, ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində əldə olunub.
Səfir vurğulayıb ki, beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edərək, otuz ilə yaxın davam edən münaqişəyə son qoyub. Bu tarixi Qələbə regiona sülhə və əməkdaşlığa əsaslanan yeni bir mərhələnin başlanğıcını gətirib.
O, həmçinin 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyanat və sülh sazişinin paraflanmasının bölgədə barışıq və normallaşma istiqamətində atılmış ən mühüm addım olduğunu qeyd edib. Səfir əlavə edib ki, sülh və barışığın əsas təşəbbüskarı məhz Azərbaycan olub və bu gün ölkəmizin gələcəyə, regional əməkdaşlığa və sülhə yönəlik çağırışları beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Səfir diqqətə çatdırıb ki, 8 Noyabr Qələbəsi gələcək nəsillərin sülh və həmrəylik şəraitində yaşaması üçün dəyərli mirasdır. Bu Qələbə Azərbaycan xalqının milli birliyi və sarsılmaz iradəsinin rəmzi olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun təcəssümüdür.
Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yüksək vəzifəli diplomatları, ispan parlamentinin üzvləri, dövlət qurumlarının rəsmiləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də yerli ictimaiyyətin ictimai-siyasi xadimləri, Azərbaycan icmasının üzvləri və mədəniyyət xadimləri olmaqla 200 nəfərdən çox qonaq iştirak edib.
Konsert proqramından sonra iştirakçılar üçün dostluq və səmimi ünsiyyət mühitində qəbul təşkil olunub.(Trend)
09:50 07.11.2025
Oxunuş sayı: 1669