“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək - 2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib
Oktyabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək - 2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən İlqar Bayramlı “Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramından cari tədris ilində 93 tələbə qızın faydalandığını qeyd edib. O bildirib ki, ümumilikdə layihənin icrası dövründə 300-ə yaxın tələbə bu proqramda iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqaüd proqramının ölkənin parlaq gələcəyi naminə atılmış mühüm addımlardan biri olduğunu deyib. O bildirib ki, bu təqaüdü qazanan gənclər Azərbaycanın 57 rayonunu və 16 şəhərini təmsil edirlər. Bahar Muradova bu il ilk dəfə Naxçıvandan 14 nəfərin layihəyə qoşulduğunu qeyd edib.
Elm və təhsil naziri Emin Əmrullayev qadının cəmiyyətdəki mövqeyi, ictimai və sosial gücünün istənilən təhsil sisteminin keyfiyyətini və funksionallığını müəyyən edən əsas amillərdən biri olduğunu deyib. O bildirib ki, bu kimi layihələr qadınların təhsil imkanlarını genişləndirməklə yanaşı, ölkənin sosial və iqtisadi inkişafına mühüm töhfə verir.
Sonda təqaüd proqramına seçilən qızlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində həssas təbəqədən olan, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızların təhsilinə dəstək göstərilməsi məqsədilə onlara aylıq təqaüdlər ödəniləcək.
17:36 27.10.2025
Oxunuş sayı: 1558