Müsabiqə qalibi: “Yüksəliş” mənim üçün dönüş nöqtəsi oldu- Müsahibə
Artıq bir neçə ildir həyata keçirilən “Yüksəliş” müsabiqəsi ölkədə böyük maraq doğuran və yaxından izlənən nüfuzlu bir layihəyə çevrilib. Proqramın əsas məqsədi istedadlı və perspektivli kadrları müəyyənləşdirərək onların bilik və bacarıqlarına uyğun olaraq daha yüksək vəzifələrə irəli çəkilməsini təmin etməkdir. Bu, dövlətin peşəkar və inkişaf yönümlü gənclərə verdiyi dəyərin real göstəricisidir. Müsabiqənin əvvəlki illər qaliblərinin bu gün müxtəlif sahələrdə yüksək məsuliyyətli vəzifələrdə çalışması “Yüksəliş”in praktiki nəticələrinin ən bariz sübutudur. Layihə yalnız idarəetmə sahəsinə yeni nəfəs gətirmir, eyni zamanda etibarlı və peşəkar kadr ehtiyatının formalaşmasına mühüm töhfə verir. Hər il onlarla bacarıqlı, motivasiyalı gəncin aşkara çıxması, onların inkişafına yeni fürsətlər açılması bu proqramın nə qədər strateji əhəmiyyət daşıdığını bir daha göstərir.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq "Yüksəliş hekayəsi" rubrikası çərçivəsində qaliblərə silsilə müsahibələri davam etdirir. Növbəti müsahibimiz isə 4-cü "Yüksəliş" müsabiqəsi qalibi Orxan Şamilzadədir.
– Özünüz haqqında məlumat verməyinizi xahiş edirik. Necə oldu ki, “Yüksəliş” müsabiqəsi barədə məlumat aldınız və iştirak etməyə qərar verdiniz?
– Mən Orxan Şamilzadə 1997-ci ildə anadan olmuşam. Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi ixtisası üzrə bakalavriat, Çin Xalq Respublikasının Vuhan Universitetində (Wuhan University) struktur mühəndisliyi ixtisası üzrə magistratura təhsili almışam. Hazırda NORM ASC-də CAPEX koordinatoru vəzifəsində çalışıram. “Yüksəliş” müsabiqəsinin IV turunun qaliblərindən biriyəm. “Yüksəliş” haqqında ilkin məlumatı mən I turdan almışdım. Lakin həmin vaxt yaşımın az olması və idarəetmə təcrübəmin kifayət etməməsi səbəbilə iştirak edə bilmədim. Çünki müsabiqənin əsas şərtlərindən biri ikili idarəetmə təcrübəsinə sahib olmaqdır. İlk real cəhdimi isə III “Yüksəliş” müsabiqəsində etdim və final mərhələsinə qədər yüksəldim. Sadəcə finaldan sonra qaliblər siyahısına düşə bilmədim. Amma xarakterim nəticəyönümlü olduğu üçün növbəti il özümü yenidən sınamağa qərar verdim və IV müsabiqədə artıq qalib oldum – ikinci yer üzrə nəticə göstərdim.
– Bəs ilkin iştirak etməyə qərar verəndə “Yüksəliş” barədə fikirləriniz nələr idi? Nə əldə edə biləcəyinizi düşünürdünüz?
– Açığı, ilk iştirak etdiyim dövrdə gözləntilərim çox yüksək deyildi. Düşünürdüm ki, sadəcə müsabiqə şərtlərində yazılan imtiyazlardan ibarət olacaq və uzunmüddətli təsir göstərməyəcək. Amma qalib olduqdan sonra bizə yaradılan mühit, təmasda olduğumuz insanlar, əməkdaşlıq mədəniyyəti və mentorluq prosesləri gözləntilərimi qat-qat üstələdi. “Yüksəliş” həyatımda həm peşəkar, həm də şəxsi inkişaf baxımından dönüş nöqtəsi oldu.
– Cəmiyyətdə belə fikir var ki, “Yüksəliş”də qalib olmaq üçün mütləq xaricdə təhsil almaq lazımdır. Siz bu məsələyə necə baxırsınız?
– Məncə, bu fikir doğru deyil. Qaliblər arasında həm bakalavr, həm magistr təhsilini Azərbaycanda tamamlamış çox iştirakçı var. Sadəcə statistik olaraq xaricdə təhsil almış şəxslər daha çox meydan oxuyan və yenilikçi yanaşmaya sahib olduqları üçün daha diqqətçəkən ola bilirlər. Amma bu, “yalnız xaricdə oxuyanlar qalib ola bilər” demək deyil.
– Sualların çətinlik səviyyəsi və yanaşmanı necə qiymətləndirirsiniz? Necə hazırlaşmışdınız?
– Məncə, “Yüksəliş”ə spesifik bir “hazırlıq formulu” yoxdur. Texniki biliklər yalnız bir hissəsidir. İdarəetmə və final mərhələləri daha çox real bacarıqlar, şəxsi keyfiyyətlər və qərarvermə qabiliyyəti üzərində qurulub. Test mərhələsində bəzi riyazi və məntiqi tapşırıqlar çətin ola bilər. Amma əsas məqsəd insanı “qutudan kənar” düşünməyə sövq etməkdir.
– Gənclərə tövsiyəniz nədir? Niyə “Yüksəliş”ə qatılmalıdırlar?
– Məncə, özünü dünənki versiyasından daha yaxşı sübut etmək istəyən hər bir insan üçün bu müsabiqə ideal platformadır. Bu mühitdə rəqabət böyükdür və buraya qədər gəlib finala çıxmaq belə insanın özünü daha yaxından tanımasına səbəb olur. Qalib olmaq isə əlavə olaraq güclü şəbəkə, mentorluq və real inkişaf fürsəti qazandırır. “Yüksəliş icmasının” bir parçası olmaq 20.000 manatlıq mükafatdan belə daha qiymətlidir.
– Sizin mentorlarınız kimlərdir? Onlar haqqında nə deyə bilərsiniz?
– Mənim iki mentorum var: Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəy. Hər ikisindən çox dəyərli bilik və təcrübələr əldə etmişəm.


Ayhan Ağarzayev
Fidan Qarayeva
21:53 25.10.2025
Oxunuş sayı: 2936