Yeniyetmələrin oğurluğu: Hüquq müdafiəçisi dövlət və cəmiyyəti hərəkətə çağırır

Son dövrlərdə gənclər arasında cinayət hadisələrinin artması cəmiyyət üçün narahatlıq doğuran məsələlərdən biridir. Xüsusilə yeniyetmələrin oğurluq və digər qanunsuz fəaliyyətlərlə məşğul olması onların gələcək həyatına mənfi təsir göstərməklə yanaşı, ictimai təhlükəsizlik üçün də risk yaradır. Belə hadisələrdən biri paytaxt ərazisində baş verib. Balaxanı qəsəbə sakininə məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Mövzu ilə bağlı Crossmedia.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, dövlət strukturları bu məsələyə mütləq qarışmalıdır:
"Polisdə uşaqların məşğuliyyəti ilə bağlı iş şöbələri var. Onlar ailələr və vətəndaş cəmiyyəti ilə birgə çalışmalıdır. Uşaqların niyə məktəbə getmədikləri, niyə oğurluqla məşğul olduqları araşdırılmalı, polis ilə birgə işlər görülməlidir. Əgər ailə kasıbdırsa, internat məktəbinə yerləşdirilməli və onların vəziyyətinə daimi nəzarət edilməlidir. Cəmiyyətin — TV, qəzet, qonşular, valideynlərin — biganəliyi bu məsələnin böyüməsinə səbəb olur. Hamı birlikdə işləməlidir ki, problem qlobal böhran halına gəlməsin!"
Mehriban Yariyeva
20:03 16.10.2025
Oxunuş sayı: 938