Acıq yolun bəzən bağlı sonu- SOS

Yol-nəqliyyat hadisələri müasir cəmiyyətlər üçün həm sosial, həm də
iqtisadi baxımdan ciddi problemlərdən biri və birincisidir. Bu hadisələr təkcə
insanların həyatını itirməsinə və yaralanmasına səbəb olmur, həm də dövlətə və
cəmiyyətə böyük maddi zərər vurur. Azərbaycanda da yol qəzaları əhalinin gündəlik
həyatında ciddi təsir göstərən amillərdən biridir. Statistik məlumatlar onu
göstərir ki, bəzi illərdə qəzalarda azalmalar olsa da, ümumi tendensiya hələ də
yüksəkdir və ciddi diqqət tələb edir. Yol qəzalarının artma səbəblərini tam şəkildə
anlamaq üçün həm statistik məlumatlar, həm də analitik təhlil vacibdir.
Göstəricilər Azərbaycanda son illərin yol qəza statistikası vəziyyətin
ciddiliyini açıq şəkildə göstərir. 2019-cu ildə ölkədə 1,870 yol qəzası baş
vermiş, nəticədə 821 nəfər ölmüş və 1,702 nəfər yaralanmışdır. 2021-ci ildə qəzalar
nəticəsində 696 nəfər həyatını itirmiş, 1,410 nəfər xəsarət almışdır. 2022-ci
ilin ilk 9 ayı ərzində 1,259 yol qəzası qeydə alınmış, 599 nəfər ölmüş, 1,698 nəfər
yaralanmışdır. 2023-cü ildə xüsusilə gecə və alatoran vaxtı baş verən qəzaların
sayı artmış, həmin il 941 qəza bu şəraitdə baş vermiş, nəticədə 591 nəfər
ölmüş, 718 nəfər yaralanmışdır. 2024-cü ildə isə ümumilikdə 1,427 yol qəzası
baş vermiş, 764 nəfər həyatını itirmiş, 1,188 nəfər yaralanmışdır.
Bu statistikadan aydın görünür ki, bəzi illərdə azalmalar müşahidə
olunmasına baxmayaraq, qəza nəticəsində ölən və yaralananların sayı hələ də
yüksək səviyyədə qalır. Xüsusilə qeyd etmək lazımdır ki, qəzalarda böyük hissəsi
yaşayış məntəqələrində və gecə-alatoran vaxtlarında baş verir. Bu, həm
infrastruktur problemlərinin, həm də sürücü və piyadaların məsuliyyətsiz
davranışlarının göstəricisidir.
Yol qəzalarının əsas səbəbləri kimi müxtəlif amilləri göstərə bilərik.
Sürücülərin davranışı yol qəzalarında ən böyük rol oynayan faktordur.
Əsas pozuntulara aşağıdakılar daxildir:
Sürət həddinin aşılması – qəzaların böyük hissəsi sürət həddinə əməl
edilməməsi nəticəsində baş verir.
Qaydaların pozulması – qarşı zolağa çıxmaq, təhlükəsiz məsafəyə riayət
etməmək, yolu düzgün keçməmək kimi hallardır.
Sərxoş vəziyyətdə sürücülük – alkoqol və ya narkotik vasitələrin təsiri
altında avtomobil idarə edilməsi ciddi risk yaradır.
Diqqətsizlik və texnoloji təsirlər – mobil telefondan istifadə, zəif
diqqət və yorğunluq qəzalara səbəb ola bilər.
Piyadaların yol qəzalarına iştirakı da böyük əhəmiyyət kəsb edir.
Piyadaların qaydalara əməl etməməsi, müəyyən olunmamış yerlərdən keçməsi və
işıqfor siqnallarına məhəl qoymaması qəza riskini artırır. Statistik göstəricilər
göstərir ki, qəzaların əhəmiyyətli hissəsi piyadaların iştirakı ilə baş verir.
Qəzaların böyük hissəsi gecə və alatoran vaxtı baş verir. Görünmə şəraitinin
zəifliyi, yağış, duman, yol örtüyünün sürüşkənliyi kimi amillər sürücülərin
idarəetmə qabiliyyətini azaldır və qəza riskini yüksəldir.
Avtomobillərin texniki vəziyyəti də qəza riskinə birbaşa təsir göstərir.
Əyləc sistemində, işıq cihazlarında, təkərlərdə yaranan nasazlıqlar sürücünün qəza
qarşısında reaksiyasını gecikdirir və nəticədə ağır hadisələr baş verir.
Yol nişanları, işıqforlar, işıqlandırma və piyada keçidlərinin kifayət
qədər olmaması qəzaların tez-tez baş verməsinə səbəb olur. Yol örtüyünün
keyfiyyətsizliyi, əyilmiş nişanlar və gecə işıqlandırmasının zəif olması da təhlükəni
artırır.
Sürücülərin və piyadaların yol hərəkəti mədəniyyətinin aşağı səviyyədə
olması, maarifləndirici kampaniyaların yetərsizliyi və qayda pozuntularına görə
cəzaların zəif təsiri qəzaların sayını artıran əsas amillərdəndir.
Təbii ki, yol qəzalarının qarşısını almaq üçün kompleks tədbirlər görülməsi mütləqdir hansı ki, bu barədə zəruri işlər görülməkdədir.
Nəticə etibarilə statistik məlumatlar və analitik təhlillər göstərir
ki, Azərbaycanda yol qəzalarının artması bir neçə amilin sürücü və piyadaların
məsuliyyətsiz davranışı, texniki nasazlıqlar, infrastruktur problemləri və
maarifləndirmə çatışmazlığı birləşməsi ilə bağlıdır. Yol qəzalarının sayını
azaltmaq üçün yalnız inzibati tədbirlər kifayət deyil həm də ictimai şüurun
artırılması, təhlükəsiz hərəkət mədəniyyətinin formalaşdırılması vacibdir. Yol qəzalarının
qarşısının alınması dövlətin, cəmiyyətin və hər bir vətəndaşın birgə məsuliyyətidir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqiliyyat üzrə
ekspert Aslan Əsədov ölkə ərazisində yol-nəqliyyat hadisələrinin statistikası
göstərir ki, ilk beşlikdə sürət həddinin aşılması, intizamsız sürücülük, nasaz
nəqliyyat vasitələri ilə yola çıxmaq və nəqliyyat vasitələrinin ümumi texniki
parametrlərinin düzgün dəyərləndirilməməsi dayandığını qeyd edib.
"Bu səbəblər, yəni ilk beşlik əsas götürülməlidir. Digər məsələlər
isə arxa plana keçir. Çünki ölkəmizdə nəqliyyat vasitələrinin sayı kifayət qədər
çoxdur.
Avtoparka nəzər salsaq, görərik ki, onların əksəriyyəti köhnə
avtomobillərdir. Yəni, parklarda köhnə avtomobillərin üstünlük təşkil etməsi vətəndaşların
bu və ya digər formada həmin nəqliyyat vasitələrindən istifadə etməsinə səbəb
olur. Hadisələrin baş verməsi də birbaşa olaraq bu avtomobillərin istismar
qaydaları ilə bağlıdır. Vətəndaşlar üçün bu, necə deyərlər, çətin və ağır bir
prosesdir.
Ona görə də nəqliyyat vasitələri bu və ya digər formada öz
rentabelliyini qoruyub saxlamağa çalışır"- deyə o bildirib.
Elmir Heydərli
21:48 01.10.2025
Oxunuş sayı: 836