Qərb "ərköyün" övladına xüsusi diqqət göstərir: Ermənistanla bağlı nə baş verir?
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz siyasəti son dövrlərdə vahid regional yanaşmadan tamamilə uzaqlaşaraq, rəsmi Bakının tarixi qələbəsini qəbul edə bilməməyin gətirdiyi fərqli bəhanələrlə idarə olunur. Brüsselin region ölkələrinə qarşı nümayiş etdirdiyi ziddiyyətli yanaşma, Azərbaycanın Ermənistan üzərində qazandığı hərbi-siyasi zəfərdən sonra daha qabarıq müstəviyə keçib. Qərb institutları tərəfindən idarə olunmağa meylli olan və Rusiya ilə münasibətlərinə yenidən baxan Ermənistan bu gün Aİ üçün "ərköyün layihə" rolunu oynayır. Bunun əksinə olaraq, regionda yeni reallıqlar diktə edən, müstəqil xarici siyasət kursu yürüdən və Qərbin təzyiq rıçaqlarına boyun əyməyən Azərbaycana qarşı açıq şəkildə ikili standartlar tətbiq olunur. Ekspertlərin fikrincə, Brüsselin Bakıya qarşı yönələn davamlı və əsassız təzyiqləri, əslində Azərbaycanın suverenliyini tam bərpa etməsinin və regionda yaratdığı yeni güc balansının Qərb mərkəzlərində hələ də həzm oluna bilməməsinin bariz göstəricisidir.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə Crossmedia.az-a açıqlama verib:

"Brüsselin bu cür yanaşması, şübhəsiz ki, Aİ-nin özünün maraqlarından irəli gəlir. Bu, Avropanın Cənubi Qafqaz üzrə daha geniş geosiyasi prioritetlərinin fərqli ölkələrdə fərqli şəkildə işləməsi ilə bağlıdır. Məsələ burasındadır ki, Aİ-nin regiondakı ölkələri eyni kateqoriyada qiymətləndirmir. Ermənistan hazırda Aİ üçün yumşaq təsir zonası və Qərbin maraqlarından çıxış edən, Qərbin diqtəsi ilə Rusiya ilə münasibətlərə yenidən baxmağa çalışan ölkə kimi qəbul olunur. Buna görə də Brüssel Ermənistandakı siyasi proseslərə daha çox dəstək və istiqamətləndirmə prizmasından yanaşır. Yəni məqsəd sistemi nəyin bahasına olursa olsun müdafiə etməklə onu Qərb institutlarına yaxınlaşdırmaq və bununla da Aİ-nin Ermənistan üzərindəki maraqlarını daha rahat təmin etməkdən ibarətdir.
Bunun əksinə olaraq Azərbaycan və Gürcüstan artıq daha mürəkkəb geosiyasi mövqedə yerləşir. Azərbaycan enerji resursları, təhlükəsizlik balansı və regional güc siyasəti baxımından Avropa üçün strateji tərəfdaşdır, amma eyni zamanda rəsmi Bakının müstəqil xarici siyasət kursu həyata keçirməsi və Qərb institutlarına boyun əyməməsi Brüsseli narahat edir və davamlı şəkildə təzyiqlərə məruz qalmağımız da bununla bağlıdır.
Gürcüstan isə Avropa inteqrasiyasına açıq ölkə kimi görünsə də, daxili siyasi qütbləşmə və Qərblə münasibətlərdə dalğalanmalar Brüsselin daha ehtiyatlı və şərtli mövqe tutmasına səbəb olur. Başqa sözlə, Ermənistanın mutiliyi, Azərbaycan və Gürcüstanın isə dövlət maraqlarından çıxış etməsi Brüsselin Cənub Qafqaz ölkələrinə fərqli münasibət göstərməsinə səbəb olur.
Ümumi olaraq qiymətləndirsək, Brüsselin bu şəkildə ikili standartlara əsaslanan mövqeyini Aİ-nin öz geosiyasi maraqları ilə izah edə bilərik. Ermənistanın “sözə baxan” olması və Qərb mərkəzlərindən gələn sifarişlərə açıq olması Aİ-nin digər ölkələrə münasibətdə Ermənistana fərqli mövqedən yanaşmasına səbəb olur".
Turqut Ansari
17:55 15.06.2026
Oxunuş sayı: 41