Yaxın Şərqdə "kartlar yenidən paylanır": İsrailin yeni hədəfi məlum oldu
Beynəlxalq münasibətlərin ən gərgin fay xətlərindən biri olan ABŞ-İran dialoqu, Yaxın Şərqin barıt qoxulu reallıqları fonunda növbəti dəfə iflic olmaq təhlükəsi ilə üz-üzədir. Regionda hərbi eskalasiyanı pik həddə çatdıran İsrail, təkcə cəbhədə deyil, həm də qlobal diplomatiya masasında "kartları yenidən paylayır". Livan və Qəzzadakı hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə hazırlaşan Tel-Əviv Vaşinqtonla Tehran arasında mümkün hər hansı bir kompromis variantını bəri başdan bloklamaq üçün strateji gedişlər edir. Ekspertlərin fikrincə, İsrailin hərbi ritorikanı artırması təkcə lokal qruplaşmaları hədəf almır, həm də İranı birbaşa münaqişəyə cəlb edərək Ağ Evin regional balans planlarını alt-üst etmək məqsədi daşıyır.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib.
"Əgər İsrail bu razılaşmaya uymayacaqsa və Livanda hərbi əməliyyatları davam etdirəcəksə, əlbəttə ki, ABŞ ilə İran arasındakı münasibətlərin hansısa bir formada bərpası bir qədər çətinləşəcək. Çünki, ümumilikdə İsrail belə bir razılaşmanın əldə olunmasının qəti əleyhinədir və İranla mübarizənin davam etdirilməsinin tərəfdarıdır. İsrail çalışacaq ki, ABŞ ilə İran arasındakı münasibətlər hər zaman gərgin qalsın. Buna görə də o, Yaxın Şərq faktorundan yeni şəkildə istifadə edəcək və faktiki olaraq istər Hizbullaha, istərsə də HƏMAS-a qarşı aktiv əməliyyatları davam etdirəcək".

Politoloq qeyd edib ki, bundan sonrakı prosesdə İsrailin Yaxın Şərqdə yeni hücumlarınən şahidi ola bilərik: "Bu, əlbəttə ki, təkcə Livanla məhdudlaşmayacaq: istər Suriyada, istərsə də Fələstində bu cür əməliyyatlar davam edəcək. Yaxın gələcəkdə biz İsrailin nəinki "Hizbullah"a, böyük ehtimalla HƏMAS-a qarşı da aktiv müharibə aparmasının şahidi olacağıq. Bunlar əslində, İranı qızışdırmaq və onun İsrailə hücum etməsinə zəmin hazırlamaq üçün edilən davranışlardır".
Z. Əmrəliyev onu da əlavə edib ki, ABŞ və İran arasında gərginliyin səngiməsi İsrailin maraqlarına uyğun deyil.
"Şübhəsiz ki, İsrailə ABŞ və İran arasında əldə olunacaq hər hansı razılaşma heç bir halda sərf etmir. Bu, İsrailin regionda qurmaq istədiyi düzənə tamamilə ziddir. Çünki İsrail tamamilə Fələstin ərazilərini ələ keçirmək, oradakı 'Hizbullah" və HƏMAS qruplaşmalarını birdəfəlik yox etmək niyyətindədir. İndi İsrail öz istədiyinə tam çatmayıb. Düzdür, bu hərəkatlar zəifləyib, rəhbərlikləri - istər İsmayıl Haniyə, istərsə də Həsən Nəsrullah olsun - sıradan çıxarılıb. Amma bir məsələ var ki, İsrail hələ tam istədiyi mövqeyə çatmayıb. Buna görə də o, maksimum şəkildə çalışacaq ki, belə bir razılaşma əldə olunmasın və bunun qarşısını almaq üçün bütün gücündən istifadə edəcək".
Turqut Ansari
17:35 15.06.2026
Oxunuş sayı: 56