Milli Qurtuluş Günü: Azərbaycan tarixində yeni mərhələ
Azərbaycanın müasir tarixində elə məqamlar var ki, təkcə bir günün deyil, bütöv bir dövlətin gələcək taleyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixlərdən biridir. Müstəqilliyin ilk illərində siyasi qeyri-sabitlik, daxili qarşıdurmalar və dövlətçilik üçün yaranan ciddi təhdidlər fonunda ölkənin qarşısında taleyüklü seçim dayanmışdı. Bu mürəkkəb mərhələdə atılan addımlar sonrakı dövrdə Azərbaycanın siyasi sabitliyinin, dövlət institutlarının formalaşmasının və inkişaf yolunun əsasını qoydu. Bəs həmin dövrdə ölkədə hansı proseslər baş verirdi və Milli Qurtuluş Günü Azərbaycan üçün hansı tarixi əhəmiyyəti daşıdı?
Qurtuluş Gününün əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Azay Quliyev Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanın minilliklərə söykənən dövlətçilik tarixində elə günlər vardır ki, onlar yalnız təqvim hadisəsi deyil, bütöv bir xalqın taleyini dəyişən, gələcəyini müəyyən edən və milli yaddaşa əbədi həkk olunan dönüş nöqtəsidir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə bir gündür. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edildiyi, xalqın ümidsizlikdən ümidə, xaosdan sabitliyə, parçalanmaq təhlükəsindən isə güclü dövlət quruculuğu mərhələsinə qədəm qoyduğu böyük Gündür. Tarix dəfələrlə sübut edib ki, dövlətlər təkcə xarici təcavüz nəticəsində deyil, həm də daxildə səriştəsiz idarəçilik, məsuliyyətsiz siyasi qərarlar və milli maraqlara zidd fəaliyyət səbəbindən zəifləyə və hətta məhv ola bilərlər”.

Deputat əlavə edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məhz belə bir ağır sınaqla üzləşdi: “1992–1993-cü illərdə hakimiyyətdə olmuş AXC–Müsavat cütlüyünün dövlət idarəçiliyində yol verdiyi ciddi nöqsanlar, siyasi səriştəsizlik və bacarıqsızlıq ölkəni uçurumun kənarına gətirib çıxardı. Hakimiyyət daxilində bitməyən çəkişmələr, siyasi populizm, xarici siyasətdə yol verilən kobud səhvlər, həmçinin şəxsi ambisiyaların milli maraqlardan üstün tutulması, dövlət institutlarının zəiflədilməsi, qanunsuz silahlı dəstələrin özbaşınalığı və idarəetmədə peşəkarlığın olmaması nəticəsində ölkədə anarxiya və hakimiyyət böhranı hökm sürürdü. Azərbaycanda faktiki olaraq vətəndaş müharibəsi başlamış, müxtəlif bölgələrdə separatizm baş qaldırmış, dövlət hakimiyyətinin nüfuzu ciddi şəkildə sarsılmışdı. Şuşa, Laçın və Kəlbəcər milli xəyanət nəticəsində işğal olunmuş, digər rayonların işğalı üçün əlverişli şərait yaranmış, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşmüşdü. Bir sözlə, Azərbaycan bir dövlət kimi parçalanmaq, müstəqilliyini itirmək və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir çıxılmaz məqamda xalq öz xilasını siyasi avantüralarda deyil, Azərbaycana ləyaqətlə xidmət etmiş, sovetlər dönəmində ölkəni ən geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirmiş, fundamental dövlətçilik məktəbi formalaşdırmış, zəngin idarəçilik təcrübəsinə malik, qətiyyətli və uzaqgörən Liderin, Heydər Əliyevin şəxsiyyətində gördü. Onun 1993-cü ilin iyununda yenidən hakimiyyətə dəvət olunması adi siyasi proses deyildi, milli iradənin təntənəsi və dövlətçiliyin özünümüdafiə instinktinin təzahürü idi. Heydər Əliyev xalqının düşdüyü acınacaqlı vəziyyətə laqeyd qala bilmədi, həyatını və şəxsi təhlükəsizliyini riskə ataraq məsuliyyəti öz üzərinə götürdü və Azərbaycanı parçalanmaqdan, vətəndaş qarşıdurmasından və dövlət müstəqilliyini itirmək riskindən xilas etdi. Ulu Öndər Heydər Əliyevin tarixi xidmətinin böyüklüyü yalnız mövcud böhranı aradan qaldırmasında və müstəqilliyimizi xilas etməsində deyildi, həm də gələcəyin, güclü Azərbaycanın təməlini qoymasında idi. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyi yenidən quruldu, qanunun aliliyi bərpa olundu, nizami ordu quruculuğuna başlanıldı, beynəlxalq münasibətlər sistemi formalaşdırıldı və iqtisadi inkişaf strategiyası müəyyən edildi. O, Azərbaycan xalqına yalnız sabitlik deyil, həm də öz dövlətinə inamı qaytardı. Milli Qurtuluş Günü həm də sübut etdi ki, güclü dövlət təsadüflər nəticəsində deyil, peşəkar idarəçilik, milli həmrəylik və uzaqgörən siyasi liderlik sayəsində qurulur. Əgər 1993-cü ildə Azərbaycan doğru seçimi etməsəydi, Heydər Əliyev Milli Qurtuluş savaşına başlayıb onu qalibiyyətlə başa çatdırmasaydı, dəfələrlə törədilən terror aktlarının və dövlət çevrilişi cəhdlərinin qarşısını ala bilməsəydi, indi nə müstəqil dövlətimiz, nə də bütöv və suveren Azərbaycanımız olardı. Bu mənada Qurtuluş Günü bizə bir həqiqəti təkrar xatırladır ki, müstəqil dövlət bir dəfə qazanılıb unudulan sərvət deyil, onu hər gün qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə daha güclü şəkildə ötürmək lazımdır. Məhz buna görə 15 İyun Azərbaycan dövlətinin dünənini xilas edən, bu gününü qüdrətləndirən və sabahını müəyyənləşdirən milli iradənin təcəssümüdür. Məhz elə bu məqamda bir məsələni də xüsusi qeyd etmək istərdim ki, tarixi proseslərin ən diqqətçəkən xüsusiyyətlərindən biri onların davamlılıq prinsipidir. Lakin tarixdən yaxşı bilirik ki, dövlətçiliyin davamlılıq prinsipi heç də hər xalqa həmişə nəsib olmur. Azərbaycan xalqı bu tarixi mərhələdə də müdrik və doğru qərar verdi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövləti cənab İlham Əliyevə həvalə etdi".
A.Quliyev qeyd edib ki, məhz Prezident İlham Əliyev Heydər Əliyevin başladığı bütün işləri və tarixi missiyanı uğurla başa çatdırdı: “Cənab Prezidentin Ulu Öndərin siyasi kursuna və milli maraqlara sarsılmaz bağlılığı, xalqına olan sonsuz sevgisi, yüksək diplomatik məharəti, qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan öz tarixinin ən şanlı səhifələrini yazdı. Uzun illər davam edən erməni işğalına son qoyuldu, 2020-ci il Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər, daha sonra həyata keçirilən uğurlu siyasi və hərbi addımlar nəticəsində Qarabağ və işğal altında olmuş bütün torpaqlarımız azad edildi. Bununla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam, qəti və dönməz şəkildə bərpa olundu. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad edilmiş torpaqlarda dalğalanması tarixi ədalətin və milli qürurumuzun təntənəsinə çevrildi. Əgər 15 İyun 1993-cü ildə Azərbaycan dövlətçiliyinin xilası günü idisə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər həmin qurtuluşun məntiqi davamı, milli iradənin ən yüksək zirvəsi oldu. Bir tərəfdə dövləti məhv olmaq təhlükəsindən xilas edən siyasi müdriklik, digər tərəfdə isə həmin dövləti qalib və tam suveren ölkəyə çevirən qətiyyətli liderlik dayanır. Bu mənada Heydər Əliyevin Xilaskarlıq missiyası ilə Prezident İlham Əliyevin Zəfər missiyası vahid tarixi zəncirin ayrılmaz həlqələridir. 15 İyun buna görə də yalnız bir bayram deyil – Azərbaycanın xilasının, müstəqilliyinin möhkəmlənməsinin, dövlətçilik iradəsinin və tarixi Zəfərlə tamamlanan milli yüksəliş yolunun rəmzidir. Bu günün ən böyük mesajı ondan ibarətdir ki, Azərbaycan xalqı doğru liderlik, sarsılmaz birlik və milli maraqlara sədaqət sayəsində ən ağır sınaqlardan belə qalib çıxmağı bacaran bir xalqdır. 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bütün soydaşlarımızı ürəkdən təbrik edirəm”.
Fəlsəfə doktoru Faiq Ələkbərli isə bildirib ki, Azərbaycanın yaxın tarixində Milli Qurtuluş Gününün mühüm yeri var:

"Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə müəyyən uğurlar əldə olunsa da, yəni müstəqilliyimizin yenidən qazanılması və cəbhədə Ermənistanla müharibə şəraitində müəyyən nəticələrin əldə edilməsi – sonrakı dövrlər o qədər də asan keçmədi. Azərbaycan Respublikasının o zamankı Prezidenti Əbülfəz Elçibəyin hakimiyyətinin son ayları xüsusilə çox problemli və xaotik bir dövr oldu. Xüsusilə 1993-cü ildə Kəlbəcər rayonunun işğal olunması və bunun fonunda polkovnik Surət Hüseynovun hökumətə qarşı qiyam qaldırması ölkədə ciddi siyasi böhrana səbəb oldu. Belə bir şəraitdə Azərbaycan Respublikasının o zamankı Prezidenti Əbülfəz Elçibəyin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etməsi təsadüfi deyildi. Çünki Elçibəy də Heydər Əliyevin dövlətçilik təcrübəsinə malik olduğunu yaxşı bilirdi”.
F.Ələkbərli qeyd edib ki, Heydər Əliyev 1993-cü ilin iyununda Bakıya gələrək bir tərəfdən baş verən siyasi böhranın və qiyamın təsirlərini aradan qaldırmağa çalışdı, digər tərəfdən isə dövlət institutlarının yenidən normal fəaliyyət göstərməsi istiqamətində ciddi addımlar atdı: “Həmin dövrün şərtləri daxilində Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaq olduqca vacib idi. Sonrakı mərhələdə neft kontraktlarının imzalanması, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması və digər mühüm qərarlar da məhz həmin siyasi sabitliyin yaranması ilə mümkün oldu. Eyni zamanda, o dövrdə işğal olunmuş torpaqlarımızı – istər Qarabağı, istərsə də ətraf yeddi rayonu geri qaytarmaq mümkün olmasa da, atılan addımlar sonrakı illərdə dövlətin güclənməsi üçün əsas yaratdı. Bunun nəticəsi olaraq da 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması reallaşdı. Yəni, məhz 1993-cü ilin 15 iyun tarixində baş verən hadisələrin Milli Qurtuluş Günü kimi qiymətləndirilməsi bu günümüz üçün də xüsusi əhəmiyyət daşıyır. Həmin dövrdə atılan addımlar Azərbaycan dövlətinin güclənməsinə, daha dayanıqlı dövlət institutlarının formalaşmasına və ölkənin bugünkü inkişaf mərhələsinə çatmasına ciddi təsir göstərmiş oldu”.
Ayhan
15:12 15.06.2026
Oxunuş sayı: 69