Politoloq: Bir qarış torpağımızın belə Ermənistanın nəzarətində qalması ilə barışmayacağıq
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətində aparılan müzakirələr yeni mərhələyə keçə bilər. Belə ki, bu dəfə diqqət Yuxarı Əskipara və Günən-Əskipara istiqamətində yerləşən yolların bəzi hissələrinin Azərbaycana qaytarılması ehtimalına yönəlib. Məsələ son günlər hər iki ölkədə geniş müzakirə olunur.
Bildirək ki, sözügedən ərazilər uzun illərdir tərəflər arasında mübahisəli məsələlərdən biri hesab edilir. Hazırda bütün diqqətlər aparılan danışıqların nəticəsinə yönəlib. Veriləcək qərarın bölgədəki vəziyyətə təsir göstərəcəyi gözlənilir.
Mövzu ilə əlaqədar Crossmedia.az-a danışan politoloq Arzuman Abdulkərimov vurğulayıb ki, Qazaxın bu kəndlərinin Azərbaycan tərəfinə qaytarılması ölkəmizin təbii haqqıdır:

"Artıq 4 kəndimizin Azərbaycana qaytarılmasına nail olmuşuq. Daha 3 kəndimiz isə hələ də Ermənistanın nəzarətində qalmaqdadır. Ümid edirəm ki, yaxın gələcəkdə həmin kəndlərin də Azərbaycan tərəfinə qaytarılmasının şahidi olacağıq. Bu məsələlərlə bağlı iki dövlət arasında müəyyən addımlar var və informasiya zəmininin hazırlanması məqsədilə Ermənistan mətbuatında belə məlumatların yayılması mümkündür".
Politoloq hesab edir ki, bu məlumatların yayılması Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri, Ermənistanın Dilican şəhərində Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə keçirdiyi görüş ərəfəsinə təsadüf edir:
"Ümid edirəm ki, gələcəkdə bu informasiyanın müsbət nəticələrini görəcəyik. Həmin görüşdə Qazaxın Azərbaycan tərəfinə qaytarılmayan digər kəndləri də müzakirə mövzusu olub. Bu, təbii ki, mənim şəxsi fikrimdir və belə olarsa, buna çox sevinərik. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz bir qarış belə torpağımızın Ermənistanın nəzarəti altında qalması ilə barışmayacağıq. Azərbaycan və Ermənistan arasında sülh sazişinin detalları müzakirə olunur. Eyni zamanda, dövlətlərarası komissiyaların sıx görüşləri keçirilir. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında da görüşlər baş tutur. Düşünürəm ki, bu, müsbət irəliləyişdir.
Ermənistan tərəfi yaxın zamanlarda digər kəndlərimizi də qaytaracaq. Xüsusilə də anlamalıdır ki, biz həmin torpaqları və əraziləri heç vaxt güzəştə getməyəcəyik. Ümid edirəm ki, bu informasiya doğru olar və heç bir qan tökülmədən, münaqişə və hərbi əməliyyat olmadan Qazaxın digər kəndləri də Azərbaycan tərəfinə qaytarılar".
Müsahibimiz həmçinin qeyd edib ki, işğal altından azad olunmuş 4 kəndimizdə infrastruktur layihələri həyata keçirilmək üzrədir:
"Yaxın zamanlarda Qazaxın işğal altından azad olunmuş kəndlərində quruculuq işləri başlayacaq və həmin kəndlərdən köçkün düşmüş vətəndaşlarımız öz el-obalarına dönəcək. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi, azad olunmuş hər qarış torpağımız gülüstana çevriləcək və orada Azərbaycan vətəndaşları daimi yaşayacaqlar".
Fatimə Məmmədova
17:30 15.06.2026
Oxunuş sayı: 56