Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Anım Günü ilə bağlı Bəyanat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü ilə bağlı Bəyanat yayıb.
Crossmedia.az bəyanatı təqdim edir:
“Sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq və uzun illər işğal altında saxlanılmış torpaqlarımızı azad etmək məqsədilə beş il əvvəl – 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam etmiş və tarixi Zəfərlə başa çatmışdır.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başladığı gün torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş hərbi qulluqçularımızın, həmçinin müharibə zamanı düşmən təxribatı nəticəsində həlak olmuş mülki vətəndaşlarımızın, o cümlədən qadınların və uşaqların əziz xatirəsini bu gün dərin ehtiramla yad edirik.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhər və rayonlarını hədəfə almış, düşmənin raket və ağır artilleriya hücumları nəticəsində yüzdən artıq azərbaycanlı mülki şəxs həyatını itirmişdir. Onların arasında qadınlar və uşaqların həlak olması, müxtəlif dərəcəli bədən xəsarətləri alması, ailələrin bütövlükdə məhv edilməsi Ermənistanın müharibə cinayətlərinin və insanlıq əleyhinə əməllərinin ən bariz göstəriciləridir.
Müharibənin bitməsindən sonra da Ermənistanın işğal dövründə ərazilərimizdə basdırdığı 1 milyondan çox mina əhalimiz üçün ciddi təhlükə olaraq qalır. 2020-ci ilin noyabrından bəri 400 nəfərdən çox mülki vətəndaş, o cümlədən qadın və uşaqlar mina partlayışlarının qurbanı olmuşlar. Mina qurbanlarının acı taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın münaqişə bölgələrində yaşayan milyonlarla insanın faciəsini əks etdirir.
Vətən müharibəsinin başa çatmasından, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra bölgədə tamamilə yeni bir geosiyasi reallıq yaranıb. Azərbaycan hazırda bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində tarixi addımlar atır.
Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərimizdə, həmçinin genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur qurulur, məşğulluq imkanları yaradılır, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunur.
2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən mərasimdə Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması barədə Birgə Bəyannamənin imzalanması Cənubi Qafqaz regionunda tarixi bir dönüş nöqtəsi olub. Bu Bəyannamə uzun illər davam edən gərginliklərə və qarşıdurmalara son qoyaraq, regionda davamlı sülhün və qarşılıqlı əməkdaşlığın bərqərar olması üçün möhkəm əsas yaradıb. Sənədin imzalanması təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də daha geniş regionda sabitliyin və rifahın təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bəyannamə siyasi, iqtisadi, enerji, sosial, humanitar və digər sahələrdə tərəfdaşlıq üçün yeni imkanlar yaradacaq”.
21:24 29.09.2025
Oxunuş sayı: 937