Onlar xəyallarını daşa çevirirlər, biz isə hüquqlarımızı həyata keçiririk -Deputat

II Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan Ordusu 2023-cü ildə Qarabağdakı erməni separatçılarını təmizləməyə başladı. Bir gün ərzində qəhrəman hərbiçilərimiz separatizmin kökünü qurutdu. Lakin 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə süqut etmiş “Artsax” adlı qondarma qurum Ermənistanda fəaliyyətini hələ də davam etdirir. Separatçıların oyuncaq “dövlət naziri” Njde İskəndəryan isə vətəndaşları itaətsizliyə və mitinqə dəvət edib. Bu gün Erablurda cəhənnəmə vasil edilmiş “Arsax” üçün qondarma qurumun "prezident"i Samvel Şahramanyanın başçılığı və bütün separatçıların iştirakı ilə daş abidənin açılışı olub. Bu suveren Azərbaycan Respublikasına qarşı açıq şəkildə ərazi iddiasıdır. Bu gün, sülhə bu qədər yaxın bir zamanda atılan bu addım birmənalı olaraq münasibətlərin korlanmasına, sülh prosesinin ləngiməsinə xidmət edir. Ermənistan dövləti bu təxribat xarakterli addımı qətiyyətlə pisləməli və cəza tədbirləri görməlidir. Ermənistan bu şəkildə davam etdirərsə təcili tədbirlər görülməlidir. Azərbaycan Respublikasının da Qərbi Azərbaycanı xatırladan və yaşadan abidələr ucaltması, əzəli torpaqlarımızı azad etmək və azərbaycanlıların oraya köçürülməsi üçün kəskin addımlara əl atması vacib ola bilər.
Mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl səyləri və uzaqgörən siyasəti ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində sistemli iş gedir. Təbii ki, dünyada bölgəyə sülhün gəlməsini istəməyən güclər var və bu güclər Ermənistandakı separatçı qüvvələri öz maraqlarına uyğun şəkildə idarə etməyə çalışırlar. Təəssüf ki, belə hərəkətlər ilk növbədə elə erməni xalqının özünün zərərinədir. O ki qaldı separatçı qüvvələrin Ermənistanda hansısa xəyallarını daşa çevirmələri, bu, bizim üçün bir o qədər maraqlı deyil və biz fəaliyyətimizi onların məsuliyyətsiz hərəkətlərinə uyğun qurmuruq. Bu gün Qərbi Azərbaycana qayıdış ideyası Azərbaycanda ümummilli ideyadır, soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır və təkcə Azərbaycan xalqının deyil, həm də erməni xalqının maraqlarına cavab verən bir məsələdir. Çünki Qərbi Azərbaycan qaçqınlarının indiki Ermənistandakı doğma yurdlarına qayıdışı iki ölkə və iki xalq arasındakı etibar və etimadın dayanıqlığının şərti və qarantıdır”.
Ayhan
15:54 02.09.2025
Oxunuş sayı: 9114