“Yüksəliş” qalibi: “Əsas məsələlərdən biri enerjinin düzgün bölüşdürülməlisidir” - Müsahibə

Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Növbəti müsahibimiz İbrahim Məmmədovdur.
İbrahim müəllim, əvvəlcə özünüz barədə məlumat verərdiz...
-1991-ci ildə anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası işlətmə fakültəsində biznesin təşkil və idarəçilik ixtisası üzrə ali təhsil almışam. Ardınca Bakı Mühəndislik Universitetində sənaye mühəndisliyi üzrə magistr təhsili almışam. Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşam. 10 ildir ki, maliyyə sahəsində çalışıram. Hazırda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Tabaterra Leaf şirkətində maliyyə və mühasibatlıq şöbəsinin müdiri vəzifəsində çalışıram.
-Necə oldu ki, bu müsabiqəyə müraciət etdiniz?
-İkinci müsabiqədə də iştirak etmişdim və finala qədər gələ bilmişdim. Ümumiyyətlə, bu layihənin üstünlükləri, yaratdığı imkanlar diqqətimi çəkmişdi. Ancaq mənim üçün mentorluq proqramı xüsusi maraq oyatmmışdı. Düşünürdüm ki, ölkənin üst səviyyə rəhbərləri ilə bir illik mentorluq proqramı şəxsi və karyera inkişafımda mənə əvəzsiz töhfə verəcək. Həmçinin yaşadığım ölkə və cəmiyyətə töhfə vermək istəmşəm həmişə. Fikrimcə, “Yüksəliş” bunun üçün çox yaxşı platformadır. Bütün bunları nəzərə alaraq bu il yenidən müraciət etdim və qalib oldum.
-Beşinci müsabiqədə ən çətin mərhələ nə ilə bağlı oldu?
-Final və yarımfinal mərhələləri həm maraqlı, həm də müəyyən mənada çətin oldu. Xüsusilə final mərhələsində hər kəs öz potensialını ortaya qoymağa çalışır. Bəzi anlarda rəqiblərin performansına baxanda adamda tərəddüd yaranır. Düşünməli olursan ki, görəsən kifayət qədər yaxşıyam? Amma bu, məni həvəsdən salmırdı. Əksinə, stimul verirdi. Başa düşürdüm ki, özümü başqası ilə müqayisə etmək məni geri sala bilər, əsas məsələ digərlərindən üstün olmaq deyil, hər mərhələdə özümü əvvəlkindən daha yaxşı göstərməkdir. Digər vacib məsələlərdən biri də enerjinin düzgün bölüşdürülməsi və çatdırılması ilə bağlıdır. Məncə, bunu bacardım.
-Nümayəndəsi olduğunuz sahə sizə hansısa məqamda kömək oldumu?
-Texniki bacarıqlar bu müsabiqədə az rol oyayır və həlledici deyil. Layihənin formatı da bunu tələb edir. Amma çalışdığım sahə bu müsabiqədə mənə müəyyən mənada kömək etdi. Belə ki, kənd təsərrüfatı deyərdim ki, “canlı” biznesdir. Çox kritik anlarda, bir çox nüansı nəzərə alıb sürətli qərar verməlisən, düşünmək üçün bəzən sənə az vaxt verilir. Odur ki, iş təcrübəm mənə bu məsələdə müəyyən qədər kömək etdi. İkinci və beşinci müsabiqə arasında keçən üç ildə məhz iş təcrübəm sayəsində özümü xeyli inkişaf etdirə bildim. Amma dediyim kimi, texniki biliklər kifayət deyil.
-Bəs Dövlət İmtahan Mərkəzinin (DİM) sualları barədə nə deyə bilərsiniz?
-Səhv etmirəmsə, DİM bu il ilk dəfə idi ki, sualların hazırlanmasında iştirak edirdi. Məncə, bu dəfəki suallar ikinci müsabiqədən daha yaxşı idi. Daha çox diqqətçəkən məqam emosional zəka ilə bağlı suallar idi. Məncə, bu, çox vacibdir. Çünki lider üçün belə bacarıqlar olduqca əhəmiyyətlidir.
-Bəzən deyirlər ki, ancaq xaricdə təhsil alanlar müsabiqədə qalib gəlir. Siz necə düşünürsünüz?
-Qətiyyən bu fikirlərlə razı deyiləm. Dediyim kimi, mən həm bakalavr, həm də magistratura təhsilimi Azərbaycanda almışam. Beləliklə, şəxsi nümunəmdə həm özümə, həm də başqalarına göstərdim ki, bu, tamamilə əsassız iddiadır. Ümumiyyətlə, xeyli “Yüksəliş”çilər var ki, onlar xaricdə təhsil almayıblar. Yəni bu məsələdə diplomun hansı ölkədən olması yox, sənin şəxsi bacarıqların lazımdır.
-Növbəti nəsil niyə bu müsabiqəyə müraciət etməlidir?
-Faydaları çoxdur. Birincisi, “Yüksəliş” artıq özünü ölkədə bir liderlik müsabiqəsi kimi doğruldub. Burada iştirak etmək gənclərin özünü inkişaf və təqdim etmələri üçün yaxşı imkan yaradır. Hətta qalib gələ bilməsən də nə isə qazanırsan. Maddi hədiyyələr də şəxsi inkişafa şərait yaradır. Eyni zamanda yeni tanışlıqlar qurur, dostlar qazanırsan. Həmçinin hər bir mərhələdən sonra şəxsi “fidbek”in tədqim edilir və sən öz müsbət, mənfi cəhətlərini görə bilirsən. Bu, inkişaf etmək istəyən insan üçün yaxşı imkan yaradır.
- VI müsabiqədən gözləntiləriniz nələrdir? Təklifləriniz varmı?
-İlk növbədə, əlbəttə, bu müsabiqənin də əvvəlkilər kimi yüksək səviyyədə keçirilməsini arzulayıram. Ümumiyyətlə, mənim üçün “Yüksəliş” kənardan baxanda qürur duyduğum layihələrdən biridir. Fikrimcə, “Yüksəliş” artıq ölkədə liderlik məktəbi kimi öz sözünü demiş, sabit nüfuz qazanmış bir platformadır. Növbəti mərhələdə beynəlxalq əlaqələrin gücləndirilməsi, qaliblərin xarici ölkələrin oxşar müsabiqələri ilə münasibətlərinin inkişafı həm onların şəxsi inkişafına, həm də ölkəmizin imicinə ciddi töhfə verə bilər. Ən əsası, qaliblərin böyük əksəriyyəti anlayır ki, “Yüksəliş” qalibi olmaq yalnız bir status deyil, eyni zamanda məsuliyyətdir. Məncə, bundan sonrakı mərhələdə qaliblərin təşəbbüskar rolunun artırılması istiqamətində işlər görülə bilər, məsələn ölkə üçün aktual problemlərin həlli istiqamətində düşüncə mərkəzləri (“think tank”lər) yaradıla bilər.
Kənan Novruzov
13:41 23.08.2025
Oxunuş sayı: 1438