Fədakarlığın simvolu - Atakişi Atakişiyev

Bu gün Xocalı soyqırımı zamanı rayonun prokuroru vəzifəsində çalışmış, peşəkar hüquqşünas Atakişi Atakişiyevin vəfatından bir il ötür. Mərhum doğulduğu İmişli rayonunda torpağa tapşırılıb.
40 ilə yaxın müddətdə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərmiş Atakişiyev, üç ilə yaxın Xocalı rayonunun prokuroru olub. O, xüsusilə soyqırımdan bir neçə gün əvvəl ölkənin o zamankı prezidenti Ayaz Mütəllibova ünvanladığı teleqramla, baş verə biləcək fəlakətlərlə bağlı xəbərdarlıq etməsi ilə diqqət çəkmişdi.
Mərhum, yalnız peşəkar hüquqşünas və vətənpərvər biri kimi deyil, ailəcanlı və mehriban bir insan kimi tanınırdı. Rayonun ağsaqqalı olaraq həm ailəsi, həm yaxınları, həm də cəmiyyəti üçün nümunəvi bir ziyalı olmuşdu. Müharibəni canlı görmüş bir şəxs kimi, televiziyada və radioda hər zaman öz sözünü açıq şəkildə demiş, tarixi faktlara kölgə salmamış, həqiqətlərin arxasında dayanaraq cəsarət nümayiş etdirmişdi.
Ömrünün sonuna qədər onun ən böyük arzusu Qarabağa qayıtmaq idi. Bu arzusunu dəfələrlə cənab Prezident İlham Əliyevə göndərdiyi məktublarda ifadə etmiş, hətta müharibə zamanı ön cəbhədə olmaq istəyini də bildirmişdi. Milli dəyərlər onun üçün həyati əhəmiyyət kəsb edirdi.
Atakişi Atakişiyev sadəcə bir ailə başçısı deyil, həm də yüksək vətən sevgisi olan və milli amal uğrunda mübarizə aparan bir şəxs kimi də tanınırdı. Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq bir ziyalı kimi, dövlətçiliyin möhkəmlənməsinə öz töhfəsini verən Atakişi Atakişiyev onu sevənlərin qəlbində daim yaşayacaqdır.
Nicat Rüstəmzadə
17:12 20.08.2025
Oxunuş sayı: 1084