Yusif Pezeşkian: "Azərbaycanla gərginlik yaratmaq yox, əməkdaşlıq yolu seçilməlidir"

İran Prezidentinin oğlu Yusif Pezeşkian Azərbaycanla münasibətlərin inkişafı kursuna qarşı çıxan radikal qrupları tənqid edib.
Crossmedia.az xəbər verir ki, o, verdiyi açıqlamada vurğulayıb: “Atdığımız hər bir addımın nəticələri var və bu nəticələrdən qaçmaq mümkün deyil. Yetkinliyin əlamətlərindən biri də budur ki, fikir və ya mövqe bildirərkən yalnız sədaqətlə inandığını deməklə kifayətlənməyib, həm də bunun nəticələri haqqında düşünməli, mümkün zərəri qiymətləndirməli və nəticəni qəbul etməyə hazır olmalısan ”.
Pezeşkian qeyd edib ki, müəyyən şəxslər bir müddətdir ki, “Azərbaycan müharibədə İsrailə kömək edib” kimi fikirləri təkrar edir. Onun sözlərinə görə, belə ittihamlar irəli sürməzdən əvvəl bu sualları vermək lazımdır:
– Bununla bağlı hansı sübutlar var?
– İranın kəşfiyyat və ya güc strukturları tərəfindən təqdim olunmuş hər hansı bir məlumat mövcuddurmu?
– Azərbaycanda yaşayan iranlılardan belə müşahidələr və ya hesabatlar alınıbmı?
– Ümumiyyətlə, Azərbaycanın İranla müharibədə İsrailə kömək etdiyini təsdiqləyən rəsmi və konkret bir sübut varmı?
Cavab aydındır: belə bir fakt heç bir rəsmi mənbə tərəfindən təsdiqlənməyib.
Pezeşkian əlavə edib:
“Bu cür ittihamların ölkəmizə nə faydası olacaq? Biz, doğrudanmı, Azərbaycanla gələcək münasibətlərin gərgin və xoşagəlməz olmasını istəyirik ?”
O, İranın Azərbaycanla münasibətlərə dair üç mümkün ssenarini təklif edib:
1. Biz Azərbaycanla müharibə etmək istəyirik – və ya onu müharibəyə təhrik edirik.
2. Biz münasibətləri “nə müharibə, nə də sülh” vəziyyətində saxlamaq istəyirik, yəni mövcud problemləri həll etmədən uzatmaq.
3. Biz fikir ayrılıqlarına baxmayaraq qonşuluq münasibətlərini davam etdirib, əməkdaşlığı gücləndirmək, problemlərin həllinə kömək etmək və qarşılıqlı faydalı yollar axtarmaq istəyirik.
O vurğulayıb ki, birinci ssenari nə ölkə rəhbərliyinin niyyətinə uyğundur, nə də İranın milli maraqlarına xidmət edir. Buna baxmayaraq, belə əsassız ittihamlar ölkəni məhz bu ssenariyə yaxınlaşdırır:
“Kimsə deyirsə ki, Azərbaycan İsrailə müharibədə yardım edib, əslində deyir ki, Azərbaycan bizim düşmənimizdir. Əgər belədirsə, deməli, biz onunla müharibə etməliyik. Amma ölkədə sağlam düşüncəli insanlar belə bir şeyi istəməz.”
İkinci ssenariyə də tənqidi yanaşan Pezeşkian bildirib:
“Bu yanaşmanı dəstəkləyənlər hesab edirlər ki, Azərbaycanla düşmənik, amma açıq müharibəyə getmirik. Lakin bu da bizim xeyrimizə deyil. Çünki əgər sən kimisə düşmən hesab edirsənsə, onun sənə qarşı atacağı addımlara – mütləq hərbi yox, beynəlxalq platformalarda təzyiqlər, iqtisadi sanksiyalar və s. – hazır olmalısan ".
O vurğulayıb ki, ən məntiqli və faydalı yol üçüncü ssenaridir:
“İki ölkə arasında daim siyasi və beynəlxalq fikir ayrılıqları olacaq – bu təbiidir. Amma maraqların toqquşmasına baxmayaraq, ortaq məqamlar tapmaq və bu əsasda iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq qurmaq mümkündür və faydalıdır ".
Sonda o əlavə edib:
“Mən əminəm ki, bəzi insanlar xoş niyyətlə danışırlar, amma anlamırlar ki, onların bu israrlı və əsassız fikirləri təkcə ölkəyə deyil, bütün müsəlmanlara zərər verir və İsrailin xeyrinə işləyir. Gəlin ayıq olaq və istəmədən də olsa onun oyununda fiqura çevrilməyək ".
Pərvin Hacıyeva
15:57 06.08.2025
Oxunuş sayı: 732