Mürəbbə AQTA-nın hədəfində - Qurumun qida təhlükəsizliyi siyasəti suallar doğurur
Bir vaxtlar kənddən şəhərə gətirilən mürəbbə, turşu, bal, pendir və digər ev məhsulları “kənd məhsulu” kimi qəbul edilirdi. İndi isə həmin məhsulların bazara çıxarılması ilə bağlı yeni tələblər gündəmə gəlib.
Məsələ xüsusilə ev şəraitində
hazırlanan mürəbbə və konserv məhsulları ilə bağlı müzakirələrdən sonra
aktuallaşıb. AQTA-nın açıqlamalarına görə, 2027–2032-ci illər üçün Dövlət
Proqramı çərçivəsində ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan
məhsulların bazara çıxarılması ilə bağlı yeni mexanizmlər hazırlanacaq. Burada
məhsulların hazırlanması, saxlanması, daşınması və istehlakçıya təqdim
olunmasına dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Amma məsələni yalnız “mürəbbə
təhlükəlidir, ya yox?” sualı ilə məhdudlaşdırmaq olmaz.
Əsas sual başqadır: Qida
təhlükəsizliyinə nəzarət edən dövlət qurumunun prioritetləri necə
müəyyənləşdirilir?
Çünki bazarda ev üsulu ilə
hazırlanan bir neçə banka mürəbbəyə nəzarət etmək vacibdirsə, xaricdən ölkəyə
milyonlarla manatlıq qida məhsulları gətirən idxalçıların fəaliyyəti də ən azı
həmin diqqətlə izlənməlidir.
Əvvəl
mürəbbə, yoxsa böyük qida bazarı?
Təbii ki, ev şəraitində hazırlanmış
məhsul avtomatik olaraq təhlükəsiz demək deyil. AQTA özü də əvvəllər ev
şəraitində hazırlanan konservlərdə düzgün sterilizasiya, saxlanma rejimi və
qablaşdırma qaydalarına əməl edilməməsinin botulizm kimi ciddi risklər yarada
biləcəyini açıqlayıb.
Deməli, nəzarətə ehtiyac var.
Amma nəzarətin forması əsas
məsələdir.
Bir ailənin bağında yetişdirdiyi
gilasdan hazırladığı mürəbbəni bazarda satması ilə iri istehsal müəssisəsində
minlərlə ton məhsulun hazırlanması eyni risk səviyyəsində qiymətləndirilə
bilərmi?
Bir qadın evində mövsümi meyvədən
hazırladığı bir neçə banka mürəbbəni satırsa, onun üzərinə iri qida
istehsalçısının daşıdığı bütün inzibati və maliyyə yükünü qoymaq nə dərəcədə
məntiqlidir?
Dövlətin vəzifəsi kiçik istehsalçını
bazardan sıxışdırmaq yox, onun məhsulunu təhlükəsiz formada bazara çıxarmasına
şərait yaratmaq olmalıdır.
Çünki kənddə yaşayan ailə üçün bir
neçə banka mürəbbə sadəcə qida məhsulu deyil. Bu, bəzən ailənin əlavə gəlir
mənbəyidir.
“AQTA
bütün problemləri həll etdi, indi mürəbbə qaldı?”
İctimaiyyətin AQTA-dan gözləntisi də
məhz burada başlayır.
Əgər qida təhlükəsizliyi bu qədər
geniş miqyasda nəzarət tələb edirsə, onda sual vermək lazımdır: ölkənin
bütün əsas qida təhlükəsizliyi problemləri artıq həll olunubmu ki, növbə evdə
bişirilən mürəbbəyə çatıb?
Məsələn, idxal olunan qida məhsullarına
nəzarət necə həyata keçirilir?
AQTA-nın öz məlumatlarından görünür
ki, bu istiqamətdə də problemlər aşkarlanır. 2026-cı ilin avqustunda Agentlik
müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarında gücləndirilmiş
nəzarət tədbirləri apardığını açıqlayıb. Laborator müayinələr zamanı bəzi
məhsullarda 3-MCPD adlı emal çirkləndiricisi aşkarlanıb və müəyyən
istehsalçıların məhsullarının Azərbaycana idxalına məhdudiyyət tətbiq edilib.
Daha əvvəl, 2026-cı ilin fevralında
isə Rusiyadan gətirilən palma yağı partiyasında 3-MCPD aşkarlandığı və həmin
məhsulun dövriyyəyə buraxılmasının qarşısının alındığı açıqlanmışdı.
Avqust ayında isə AQTA Qazaxıstan və
Rusiyadan idxal olunan müxtəlif yağ məhsullarında 3-MCPD və qlisidol
göstəriciləri üzrə uyğunsuzluqlar aşkarlandığını bildirib. Həmin məhsulların
idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Deməli, idxal məhsullarında da
problem var.
Onda sual yaranır: nəzarət
mexanizmləri bütün zəncir boyunca eyni sərtliklə və eyni şəffaflıqla işləyirmi?
Palma
yağı məsələsi həll olunubmu?
Palma yağı ilə bağlı da illərdir
cəmiyyətdə müzakirələr gedir. Burada emosional yanaşmadan qaçmaq lazımdır:
palma yağının özü avtomatik olaraq “zəhərli məhsul” demək deyil. Problem
məhsulun keyfiyyəti, tərkibi, emal prosesi, çirkləndiricilərin səviyyəsi və
onun hansı məhsulda, hansı standartlarla istifadə edilməsidir.
AQTA-nın rəsmi məlumatları göstərir
ki, bu sahədə nəzarət aparılır və bəzi idxal partiyalarında uyğunsuzluqlar
aşkarlanıb.
Amma istehlakçının bilmədiyi məsələ
budur: bazarda satılan bütün palma yağı tərkibli məhsullar nə dərəcədə
yoxlanılır?
Məsələn, şirniyyatlarda, vaflidə,
kremli məhsullarda, müxtəlif hazır qidalarda palma yağı və ya palma yağı
törəmələrindən istifadə olunursa, istehlakçı həmin məhsulun təhlükəsizlik
göstəricilərinin necə yoxlanıldığını haradan bilməlidir?
Burada təkcə “AQTA yoxlayır” cavabı
kifayət etmir.
İctimaiyyətə daha çox məlumat
lazımdır: neçə nümunə götürülüb, neçə məhsulda uyğunsuzluq aşkarlanıb, hansı
məhsullar dövriyyədən çıxarılıb və hansı şirkətlərə hansı tədbirlər görülüb?
Çünki şəffaflıq yoxdursa, nəzarətin
effektivliyini də istehlakçı qiymətləndirə bilmir.
Baxın, mən özüm bu yaşa qədər
nənəmin hazırladığı mürəbbələrdən yeyə-yeyə böyümüşəm. Yəqin ki, burada
olanların, bu süjetə baxan insanların da böyük əksəriyyəti eyni şeyi deyə
bilər. Kənddən gələn təbii meyvədən hazırlanan mürəbbənin dadını, qoxusunu
hamımız bilirik.
İndi isə ortaya belə bir sual çıxır: görəsən, AQTA rəhbərliyi və
əməkdaşları özləri də rayonlardan gələn belə təbii məhsullardan, xüsusilə də ev
üsulu ilə hazırlanmış mürəbbələrdən istifadə edirlərmi? Yəqin ki, edirlər.
Çünki təbii məhsulun öz yeri var, onun həm dadı, həm də dəyəri başqadır.
Amma əgər belə məhsul bazara çıxarılırsa və onun təhlükəsizliyi ilə
bağlı nəzarət tələb olunursa, bəs bu nəzarət necə həyata keçiriləcək? Hər banka
mürəbbəyə ayrıca prosedur tətbiq olunacaqmı? Kənddə yaşayan, mövsümi məhsul
hazırlayıb ailə büdcəsinə kiçik də olsa gəlir gətirən insan bunun üçün nə qədər
xərc çəkməli olacaq?
Ən əsası isə budur: AQTA qida təhlükəsizliyini təmin etmək
istəyirsə, əlbəttə, buna etirazımız yoxdur. Amma qida təhlükəsizliyi yalnız
nənənin bişirdiyi mürəbbədən başlamamalıdır. Xaricdən gətirilən məhsullara, iri
istehsalçılara, palma yağı tərkibli məhsullara və market rəflərində satılan
digər qidalara da eyni diqqət və eyni sərtliklə nəzarət edilməlidir.
Yəni sualımız çox sadədir: AQTA-nın nəzarəti doğrudan da riskə
əsaslanır, yoxsa nəzarət etmək ən asan olan yerdən – kənddə hazırlanan bir neçə
banka mürəbbədən başlayır?
Sertifikat
təhlükəsizlik deməkdirmi?
Burada daha bir vacib məsələ var.
Sertifikatın olması məhsulun
avtomatik olaraq mükəmməl və zərərsiz olması anlamına gəlmir.
Sertifikatlaşdırma və nəzarət mexanizminin əsas məqsədi real təhlükəsizliyi
təmin etməkdir.
Əgər sistem sadəcə sənədlərin
toplanmasına, qeydiyyata və sertifikat almağa çevrilirsə, amma məhsulun faktiki
təhlükəsizliyi laboratoriya və risk əsaslı nəzarətlə təmin edilmirsə, onda
istehlakçı üçün nəticə nə olacaq?
Üstəlik, AQTA rəsmisi hazırda evdə hazırlanan
qida məhsulları üçün məcburi sertifikat tələbi olmadığını açıqlayıb və sosial
mediada yayılan “sertifikatsız məhsula görə cərimə” məlumatlarının həqiqəti əks
etdirmədiyini bildirib. Agentliyin məlumatına görə, yeni tənzimləyici
tədbirlərin 2028-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.
Bu isə başqa bir sual yaradır: ictimaiyyətə
niyə əvvəlcə “mürəbbəyə sertifikat” kimi təqdim olunan məlumatlar çatdırılır,
daha sonra bunun məcburi sertifikat tələbi olmadığı açıqlanır?
Qida təhlükəsizliyi kimi həssas
sahədə dövlət qurumunun kommunikasiya dili də ən azı nəzarətin özü qədər dəqiq
olmalıdır.
Kiçik
istehsalçı qorunmalıdır, yoxsa cəzalandırılmalıdır?
Kənddə mürəbbə hazırlayan insanı da
müdafiə etmək lazımdır, istehlakçını da.
Əgər ev şəraitində hazırlanmış
məhsul bazara çıxırsa, onun hansı şəraitdə hazırlanması, necə saxlanılması,
qablaşdırılması və üzərində hansı məlumatların göstərilməsi müəyyən
edilməlidir. Bu, normaldır.
Amma tələblər o qədər mürəkkəb və
bahalı olmamalıdır ki, kiçik istehsalçı bazardan çəkilsin.
Əks halda bazarda qəribə mənzərə
yarana bilər: kənddə hazırlanan təbii mürəbbə yox olur, onun yerini sənaye
üsulu ilə hazırlanmış, uzun müddət saxlanılan və müxtəlif əlavələrdən istifadə
olunan məhsullar tutur.
Bu isə qida təhlükəsizliyi siyasətinin
məqsədi olmamalıdır.
Əsas
məsələ mürəbbə deyil
Əslində bu müzakirənin mərkəzində
mürəbbə dayanmır.
Məsələ dövlət nəzarətinin necə
qurulmasıdır.
AQTA-nın işi, əlbəttə, qida
təhlükəsizliyini təmin etməkdir. Buna heç kimin etirazı ola bilməz. Amma
nəzarət həm risk əsaslı, həm proporsional, həm də şəffaf olmalıdır.
Bir tərəfdə kənddə hazırlanan
məhsul, digər tərəfdə xaricdən gətirilən böyük həcmli qida məhsulları varsa,
hər ikisi eyni sual qarşısında dayanmalıdır: istehlakçı üçün təhlükəsizdirmi?
Əgər təhlükəlidirsə, kim tərəfindən
istehsal olunmasından və haradan gətirilməsindən asılı olmayaraq dövriyyədən
çıxarılmalıdır.
Əgər təhlükəsizdirsə, kiçik
istehsalçıya elə bir inzibati yük qoyulmamalıdır ki, onun məhsulu bazara çıxa
bilməsin.
Çünki qida təhlükəsizliyi nə qədər
vacibdirsə, qida bazarında ədalətli və ağıllı tənzimləmə də bir o qədər
vacibdir.
Və AQTA qarşısında ən ciddi sual
məhz budur:
Kənddəki bir bankanın mürəbbəsinə
qədər gedən nəzarət, görəsən, iri istehsalçıların və idxalçıların məhsulunun
içərisinə qədər də eyni dərəcədə gedə bilirmi?
Cavab sənədlərdə yox, bazarın rəflərində və laboratoriyaların nəticələrində görünməlidir.
16:58 10.10.2026
Oxunuş sayı: 175