Deputat: Bu gün Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı yeni mərhələdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana səfəri və ikitərəfli görüşləri zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bəyan edib. Dövlət başçısının vurğuladığı bu strateji xətt iki ölkə arasında dinamik inkişaf edən ikitərəfli münasibətlərin, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının nəqliyyat-logistika, enerji və iqtisadi mənzərəsinin əsasını təşkil edir.
Ölkələrimiz arasında siyasi dialoqun ali səviyyədə olması bütün digər sahələrdə də dayanıqlı və səmərəli əməkdaşlığın qurulmasına geniş imkanlar açır. Xüsusilə nəqliyyat və logistika imkanlarının birləşdirilməsi, Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi, enerji təhlükəsizliyi və humanitar əlaqələrin genişləndirilməsi yeni dövrün əsas çağırışları və prioritetləri sırasında yer alır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycan-Türkmənistan münasibətlərinin növbəti mərhələsi iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən kompleks və paralellik təşkil edən inkişaf modeli ilə səciyyələnməlidir.
Deputat qeyd edib ki, ilk növbədə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır: "Azərbaycan və Türkmənistan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqazı, oradan isə Avropa bazarlarını birləşdirən mühüm coğrafi mövqeyə malikdir. Bakı və Türkmənbaşı limanlarının imkanlarından daha səmərəli istifadə olunması, yükdaşımaların artırılması, dəmir yolu və bərə əlaqələrinin inkişafı Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldər. Bu, təkcə iki ölkənin deyil, bütövlükdə Türk dünyasının iqtisadi əlaqələrinin güclənməsinə xidmət edər. İkinci mühüm istiqamətin enerji əməkdaşlığı olduğunu diqqətə çatdıran Razi Nurullayev vurğulayıb ki, iki ölkənin neft-qaz sahəsində mövcud təcrübəsi, Xəzər hövzəsindəki imkanları və enerji resurslarının beynəlxalq bazarlara çıxarılması potensialı yeni layihələr üçün geniş perspektivlər yaradır. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji və enerji infrastrukturunun inkişafı üzrə əməkdaşlığa da diqqət yetirmək vacibdir".
Razi Nurullayevin sözlərinə görə, üçüncü istiqamət qarşılıqlı ticarətin artırılması, sənaye kooperasiyası və investisiya əlaqələrinin genişləndirilməsidir: "Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, kimya sənayesi, emal istehsalı və rəqəmsal texnologiyalar sahəsində birgə layihələr hər iki ölkənin iqtisadiyyatına əlavə dəyər qazandıra bilər. Burada özəl sektorun fəallığının artırılması, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı investisiyalar üçün əlverişli şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Humanitar istiqamətin də önəmini xatırladan deputat bildirib ki, təhsil, elm, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsi xalqlarımızı daha da yaxınlaşdırar. Çünki strateji tərəfdaşlıq yalnız hökumətlərarası münasibətlərlə məhdudlaşmır, xalqlar arasında qarşılıqlı etimad və ünsiyyətlə də möhkəmlənir. Bütün bunlarla yanaşı, Azərbaycan-Türkmənistan əməkdaşlığının Türk Dövlətləri Təşkilatı və digər regional platformalar çərçivəsində inkişafı mühüm əhəmiyyət kəsb edir. Əsas məqsəd mövcud siyasi iradəni konkret nəticələrlə möhkəmləndirmək və Türk dünyasının inteqrasiyasına real töhfə verməkdir".
Zeynəb Həsən
18:00 10.10.2026
Oxunuş sayı: 60