Polşa və Böyük Britaniya birgə yeni raket hazırlayacaq
Polşa və Böyük Britaniya 100 kilometrdən artıq mənzilə malik yeni CAMM-MR/FCM zenit raketinin birgə hazırlanması və maliyyələşdirilməsi barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, Polşanın “Altair” hərbi nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 24-də imzalanan hökumətlərarası saziş orta mənzilli hava hücumundan müdafiə raketinin hazırlanması üzrə əməkdaşlığın əsaslarını müəyyənləşdirir.
Layihənin icrasında Polşanın müdafiə sənayesi müəssisələri və elmi-tədqiqat qurumları iştirak edəcəklər.
Razılaşma çərçivəsində Polşanın yeni hərbi texnologiyalara çıxış əldə etməsi və müasir raket sistemlərinin istehsal imkanlarını genişləndirməsi nəzərdə tutulur.
Hazırda layihə ilkin konsepsiyanın hazırlanması mərhələsindədir.
Yeni raketin uçuş məsafəsinin 100 kilometri keçəcəyi gözlənilir. Onun quru qoşunlarının hava hücumundan müdafiə sistemlərində və hərbi gəmilərdə istifadəsi planlaşdırılır.
CAMM-MR/FCM raketləri təyyarələrin, helikopterlərin, pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulur.
Yeni sistemin Polşanın “Narew” hava hücumundan müdafiə proqramında və “Miecznik” layihəsi çərçivəsində inşa edilən hərbi freqatlarda tətbiqi planlaşdırılır.
Layihənin həyata keçirilməsi Polşa və Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
11:18 25.11.2026
Oxunuş sayı: 35