Qan xərçəngi ilə bağlı gizli mexanizm aşkarlanıb
Alimlər qan xərçənginin aqressiv formalarından biri olan kəskin mieloid leykozun ilk genetik dəyişikliklərinin xəstəliyə diaqnoz qoyulmasından onilliklər əvvəl meydana çıxa biləcəyini müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, Kembric Universiteti və London Universitet Kollecinin alimləri xəstəliyin inkişaf tarixini araşdırıblar.
Tədqiqat çərçivəsində sonradan leykoz diaqnozu qoyulmuş 47 qadının qan nümunələri təhlil edilib. Nəticələr göstərib ki, onların təxminən üçdə ikisində xəstəliyin inkişafına töhfə verən ilk genetik mutasiya 20 yaşdan əvvəl meydana gəlib.
Alimlər müəyyən ediblər ki, ilkin mərhələdə mutasiyaya uğramış qan hüceyrələri olduqca yavaş çoxalır. Lakin zaman keçdikcə əlavə genetik dəyişikliklər yarandıqca onların artım sürəti kəskin şəkildə yüksəlir.
Araşdırmaya əsasən, hər yeni mutasiya hüceyrələrin çoxalma sürətini təxminən iki-üç dəfə artıra bilər. Bir neçə mutasiyanın toplanmasından sonra hüceyrə populyasiyasının artımı illərlə deyil, həftələrlə ölçülə biləcək səviyyəyə çatır.
Tədqiqatçılar hesab edirlər ki, bu mexanizmin öyrənilməsi gələcəkdə xəstəliyin klinik əlamətləri meydana çıxmazdan əvvəl risk qrupunda olan şəxslərin müəyyənləşdirilməsinə kömək edə bilər.
Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
05:11 25.11.2026
Oxunuş sayı: 60