Paşinyan Rusiyaya alternativ axtarır?
Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 3-də Moskvaya planlaşdırılan səfəri ərəfəsində Avropa ölkələrinin Rusiya ilə mümkün qarşıdurma məsələsində mövqeyini öyrənməyə çalışdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Ermənistanın yeni Konstitusiya layihəsinin təqdim olunmasından və TRIPP layihəsinin praktiki mərhələsinə başlanmasının elan edilməsindən sonra Paşinyan və parlamentin sədri Alen Simonyan Avropa ölkələrinin Ermənistanda akkreditə olunmuş səfirləri ilə görüşlər keçiriblər.
Qəzet iddia edir ki, Paşinyanın görüşlərdə əsas məqsədlərindən biri yeni Konstitusiya layihəsinə və TRIPP təşəbbüsünə Avropa dövlətlərinin dəstəyini qazanmaq olub.
Bununla yanaşı, nəşrin mənbələrinə əsasən, Ermənistanın Baş naziri dekabrın 3-də Moskvaya nəzərdə tutulan səfərdən əvvəl Avropa ölkələrinin siyasi mövqeyini bir daha qiymətləndirməyə çalışıb.
İddia olunur ki, Paşinyan Rusiya ilə münasibətlərin kəskin pisləşməsi və mümkün qarşıdurma vəziyyətində Avropa dövlətlərinin Ermənistana hansı alternativ dəstəyi təklif edə biləcəyini müəyyənləşdirmək istəyib.
“Hraparak” qeyd edib ki, mənbələri Avropa diplomatlarının Paşinyana konkret hansı vədləri verdiyi və Qərbin Rusiyaya qarşı siyasətdə Ermənistanı nə dərəcədə dəstəkləməyə hazır olduğu barədə məlumat təqdim etməyiblər.
Qeyd edək ki, Ermənistan hökumətinin rəsmi məlumatına əsasən, noyabrın 23-də Paşinyan Avropa İttifaqına üzv dövlətlərin səfirləri ilə görüşüb. Görüşdə yeni Konstitusiya layihəsi, Azərbaycanla sülh prosesi, TRIPP layihəsi və Ermənistan–Aİ əməkdaşlığı müzakirə olunub.
Lakin görüşün Rusiyaya qarşı mümkün siyasi alternativlərin müəyyənləşdirilməsinə xidmət etdiyi barədə iddialar rəsmi şəkildə təsdiqlənməyib.
09:52 25.11.2026
Oxunuş sayı: 41