Fələstin torpaqlarında 14 mindən çox hücum qeydə alınıb
İsrail ordusunun və israilli qrupların İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlar nəticəsində azı 8 fələstinli yaralanıb, bir neçə fələstinli fermer isə saxlanılaraq aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin və Fələstinin dövlət radiosu “Fələstinin Səsi”nin məlumatlarında bildirilib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasına görə, İordan çayının qərb sahilinin cənubundakı Xəlil şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 26 yaşlı fələstinli yaralanaraq xəstəxanaya yerləşdirilib. Beyta qəsəbəsinin cənubunda, Cəbəl Qamas və Əz-Zəhr bölgələrində baş verən hücum zamanı isə daha 4 fələstinli yaralanıb və tibb mərkəzinə aparılıb.
“Fələstinin Səsi” radiosunun məlumatına görə, Ramallah şəhərinin şimal-qərbində yerləşən Karavat Bəni Zeyd kəndində baş verən şiddətli toqquşmalar zamanı İsrail əsgərlərinin atəşi nəticəsində daha 2 fələstinli yaralanıb.
Bundan başqa, israilli radikal qruplar Beytləhm şəhəri yaxınlığındakı Nəhhalin qəsəbəsində zeytun yığan 3 fermeri saxlayıblar. Nablus şəhərinin Beyt İmrin qəsəbəsində zeytun toplayan bir fermerin də israilli hücumçular tərəfindən qaçırıldığı bildirilir.
Tulkərim şəhərinin Kəffin qəsəbəsində isə fələstinli fermerlərə hücum edən israillilər daha 3 nəfəri saxlayaraq aparıblar.
Fələstin torpaqlarının zəbt edilməsinə və İsrail yaşayış məntəqələrinin salınmasına qarşı mübarizə aparan Şuranın məlumatına əsasən, 2023-cü ilin oktyabrından indiyədək İordan çayının qərb sahilində fələstinlilərə və onların torpaqlarına qarşı 14 742-dən çox hücum qeydə alınıb.
Bu hücumlar nəticəsində 66 fələstinli həlak olub. Həmçinin 100 485-i zeytun ağacı olmaqla, ümumilikdə 147 111 ağac məhv edilib, yandırılıb və ya kökündən çıxarılıb.
00:25 11.10.2026
Oxunuş sayı: 57