Qəzza hücumlarının ildönümündə Londonda yürüş keçirilib
Londonda yüz minlərlə insan Fələstinə dəstək məqsədilə yürüş keçirərək Britaniya hökumətini İsrailə qarşı tam sanksiyalar tətbiq etməyə və silah embarqosu qoymağa çağırıb. Aksiya Qəzzada İsrailin hərbi əməliyyatlarının başlanmasının üçüncü ildönümü ilə əlaqədar təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Fələstinlə Həmrəylik Kampaniyası (PSC) məlumat yayıb.
Nümayişçilər Embankment ərazisində toplaşaraq Baş nazirin iqamətgahının yerləşdiyi Dauninq-strit istiqamətində yürüş ediblər. Onlar Qəzzada hücumların dayandırılmasını və İsrailə silah tədarükünə tam qadağa qoyulmasını tələb ediblər.
Fələstin bayraqları daşıyan iştirakçılar “İsrail uşaqları hədəfə alır”, “Fələstinə azadlıq” və “Soyqırıma son qoyun” yazılmış plakatlar qaldırıblar. Aksiya zamanı Fələstinə dəstək şüarları da səsləndirilib.
Fələstinlə Həmrəylik Kampaniyası “X” sosial şəbəkəsində yaydığı açıqlamada Britaniya hökumətindən İsrail dövlətinə qarşı hərtərəfli sanksiyalar tətbiq etməyi və tam silah embarqosu həyata keçirməyi tələb edib. Təşkilat Qəzzada fələstinlilərə qarşı hücumların üç ildir davam etdiyini bildirərək beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb.
23:30 10.10.2026
Oxunuş sayı: 52