Elman Sultanov “Mingəçevir”dən ayrıldı
Elman Sultanov “Mingəçevir” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
Crossmedia.az xəbər verir ki, o, I Liqanın IV turu çərçivəsində Binədə MOİK-ə qarşı keçirilən oyundan sonra qərarını açıqlayıb. 0:3 hesablı məğlubiyyətdən sonra paltardəyişmə otağına daxil olan mütəxəssis komanda üzvləri ilə sağollaşıb.
Sultanov əşyalarını toplayaraq “Mən bir daha bura qayıtmayacağam” deyib və otağı tərk edib.
Qeyd edək ki, “Mingəçevir” Elman Sultanovu iyul ayında baş məşqçi vəzifəsinə təyin edib. Komanda onun rəhbərliyi altında çempionatda dörd oyun keçirib və bu qarşılaşmaların üçündə məğlub olub.
Cəmi 1 xalı olan “Mingəçevir” hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
19:44 10.10.2026
Oxunuş sayı: 56