ABŞ-nin süni intellekt və dron sınaqları uğursuzluqlarla üzləşib
ABŞ-nin Moxave səhrasında keçirilən hərbi təlimlər qabaqcıl avtonom silah sistemlərinin idarə olunması və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı ciddi çətinlikləri üzə çıxarıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri milli təhlükəsizlik sahəsində çalışan və əvvəllər bu sahədə fəaliyyət göstərmiş rəsmilərə istinadən məlumat yayıb.
Təlimlər ABŞ Quru Qoşunlarının yeni texnologiyalardan istifadə üçün lazımi bacarıqlara nə dərəcədə malik olduğunu qiymətləndirmək məqsədi daşıyıb. Lakin sınaqların ilk mərhələsindən etibarən problemlər yaranıb.
Havanın temperaturunun 43 dərəcəyədək yüksəlməsi pilotsuz uçuş aparatlarının işinə mənfi təsir göstərib. Süni intellekt sistemlərində də çoxsaylı nasazlıqlar qeydə alınıb. Bu səbəbdən hərbçilər aparatların enerji ehtiyatını qorumaq və onları itirməmək üçün uçuş müddətini maksimum imkanın yalnız yarısı ilə məhdudlaşdırmalı olublar.
Hərbçilər soyumaq üçün köynəklərini buzlu su ilə isladaraq antenaların ətrafına sarıyıblar. Güclü külək də pilotsuz aparatların idarə edilməsini çətinləşdirib.
Sınaqlarda Ohayo ştatında yerləşən “Theiss UAV Solutions” və Kaliforniyada fəaliyyət göstərən “Anduril Industries” şirkətlərinin dronları da iştirak edib.
Nəşrin gəldiyi nəticəyə görə, ABŞ ordusunun innovasiyaları uğurla mənimsəyən və yeni texnologiyalara uyğunlaşan bir struktura çevrilməsi istiqamətində hələ də ciddi problemlər qalır.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin oktyabrın 8-də döyüş zonasından təxminən 2 500 kilometr məsafədə yerləşən Rusiyanın Omsk vilayətinə pilotsuz uçuş aparatları ilə hücum etdiyi bildirilmişdi.
21:13 10.10.2026
Oxunuş sayı: 59