Türkiyədə insanabənzər robot Mega maraq doğurub
Türkiyənin Kayseri şəhərində nümayiş etdirilən insanabənzər robot Mega sakinlərin böyük marağına səbəb olub, TEKNOFEST-də uğur qazanan gənclərə isə mükafatlar təqdim edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Melikgazi bələdiyyəsinin təşkil etdiyi tədbirlə bağlı Türkiyə mediası məlumat yayıb.
Çarşı Melikgazi ərazisində keçirilən tədbirdə Melikgazi bələdiyyəsinin sədri Mustafa Palancıoğlu gənclərə yönəlmiş təhsil və texnologiya layihələrindən danışıb. O bildirib ki, Aviasiya və Kosmik Elmlər Liseyində gələcəyin texnologiya liderləri yetişəcək.
Palancıoğlu qeyd edib ki, bələdiyyə son dörd ildə TEKNOFEST-ə maliyyə dəstəyi göstərir. Onun sözlərinə görə, məqsəd gənclərin texnologiya, robototexnika və pilotsuz uçuş aparatlarının istehsalı sahəsində uğurlu layihələr hazırlamasına şərait yaratmaqdır.
“Yeni Selçuk Bayraktarlar bizim məktəbimizdən yetişəcək”, – deyə o vurğulayıb.
Melikgazi rayonunun rəhbəri Sedat Sırrı Arısoy da Kayseridə gənclər üçün yaradılan imkanların getdikcə artdığını bildirib. O, kitabxanaların, sosial müəssisələrin, idman mərkəzlərinin və texnologiya yönümlü layihələrin gənclərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Çıxışlardan sonra insanabənzər robot Mega tədbir iştirakçılarına təqdim olunub. İştirakçıları salamlayan robot yerli və xarici musiqilərin müşayiəti ilə rəqs edərək tamaşaçılara əyləncəli anlar yaşadıb.
Tədbir çərçivəsində TEKNOFEST-də mükafat qazanan gənclərə də təltiflər təqdim edilib.
18:57 10.10.2026
Oxunuş sayı: 49