Kollec diplomu ilə universitetə qəbul olmaq istəyənlərin diqqətinə - Qərar dəyişdi
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) mövcud vəziyyəti və əmək bazarındakı rolu ciddi müzakirə mövzusuna çevrilib. Bu gün kollecə daxil olan tələbələrin böyük əksəriyyəti öz gələcəyini əmək bazarında deyil, yalnız ali təhsil müəssisələrinə imtahansız keçid imkanında görə bilmək üçün bu pilləni seçir.
Kolleclərdə altyapının yenilənməsi, kadr heyətinin dəyişdirilməsi və tədris proqramlarının modernləşdirilməsi istiqamətində addımlar atılsa da, xüsusilə tibb kollecləri başda olmaqla, bu sistem Azərbaycan təhsilinin ən problemli sahələrindən biri hesab olunur. Mövcud vəziyyətdən çıxış yolu kimi kolleclərin müstəqil qurum kimi deyil, ali təhsil müəssisələrinin daxilində ilkin təhsil pilləsi – subbakalavriat səviyyəsi kimi fəaliyyət göstərməsi təklif olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu gün Azərbaycanda kollecə qəbul olanların təxminən 90 faizi əmək bazarında özünə yer tapacağını düşünmür və əsas məqsəd kimi ali təhsil müəssisələrinə imtahansız qəbul olunmağı görür.

Ekspert qeyd edib ki, kolleclərin infrastrukturu dəyişdirilsə və proqram təminatı yenilənsə də, tibb kollecləri başda olmaqla bu sahə təhsil sisteminin uğursuz pilləsinə çevrilib. Hazırda parlamentdə kolleclərin ali təhsil müəssisələrinin bazasına verilməsi ilə bağlı müzakirələr gedir.
Məzahir Məmmədli vurğulayıb ki, bu təkliflə ilk dəfə özü çıxış edib və kolleclərin əksəriyyəti zatən universitetlərin nəzdində olduğu üçün onların vahid ali təhsil strukturu daxilində ilkin pillə kimi təşkil olunması daha məqsədəuyğundur.
Məzahir Məmmədlinin sözlərinə görə, universitetlərin strukturu elə dəyişdirilməlidir ki, təhsil pillələri ardıcıl olaraq subbakalavr, bakalavr, magistratura və doktorantura kimi formalaşsın. Bu model tətbiq olunarsa, tələbələr istəkdən asılı olaraq 1-2 il oxuyub subbakalavr dərəcəsi ilə məzun ola və ya 4 illik bakalavr təhsilini tamamlayaraq əmək bazarında daha böyük iddia ortaya qoya bilərlər. Elmlə məşğul olmaq istəyənlər isə növbəti mərhələlərdə magistratura və doktoranturaya yiyələnə bilərlər.
Kolleclərin ən çətin dövrünü yaşadığını diqqətə çatdıran təhsil eksperti Elm və Təhsil Komitəsinin də bu sistemin ali təhsilin bir parçası kimi yenidən qurulmasını Milli Məclisə təklif etdiyini bildirib.
Zeynəb Həsən
19:00 10.10.2026
Oxunuş sayı: 53