Almaniyada hökumətin islahatlarına qarşı narazılıq artır
Almaniyanın paytaxtı Berlində federal hökumətin siyasətinə etiraz olaraq keçirilən nümayişdə təxminən 2 600 nəfər iştirak edib. Aksiya iştirakçıları hökumətin istefasını, enerji təhlükəsizliyinə yenidən baxılmasını və Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını tələb ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın “RBB” ictimai yayım qurumu məlumat yayıb.
Özlərini “Project M1illion” adlandıran aksiya təşkilatçıları İsveçrədəki sistemə bənzər birbaşa demokratiyanın tətbiqini, səhiyyə islahatlarının dayandırılmasını, ictimai yayım rüsumlarının və karbon vergisinin ləğvini də tələb ediblər. Onlar Almaniyanın enerji təhlükəsizliyinin bütün aspektlərinin real şəkildə qiymətləndirilməsini də gündəmə gətiriblər.
Nümayiş zamanı daha sərt miqrasiya siyasətinə çağıran və Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını tələb edən plakatlar qaldırılıb. İştirakçıların bir qismi Almaniya və sülh bayraqları dalğalandırıb.
Aksiyaçılar Almaniya kansleri Fridrix Mertsə qarşı “Merts getməlidir” və “Biz xalqıq” kimi şüarlar səsləndiriblər. Plakatlarda isə “Yenidən silahlanmaya və silah tədarükünə son qoyulsun”, “Rusiya ilə sülh” və “Hökumət fəaliyyət göstərir, biz əziyyət çəkirik” kimi çağırışlar yer alıb. Bəzi iştirakçılar Mertsi Ukraynanın maraqlarına xidmət etməkdə və öz xalqına xəyanətdə ittiham ediblər.
Nümayişin təhlükəsizliyini təmin etmək üçün yüzlərlə polis əməkdaşı cəlb olunub. Polis ciddi insident qeydə alınmadığını bildirib.
Cümə axşamı dərc edilən sorğunun nəticələrinə görə, Almaniyada əhalinin əksəriyyəti Merts hökumətinin islahat istiqamətini dəstəkləmir. “ZDF” ictimai yayım qurumunun sifarişi ilə keçirilən sorğuda iştirak edənlərin 59 faizi pensiya, səhiyyə və uzunmüddətli qayğı sahələrində planlaşdırılan və qismən qəbul edilmiş dəyişikliklərin yanlış istiqamətdə olduğunu bildirib. Respondentlərin yalnız 30 faizi bu tədbirlərin düzgün istiqamətdə aparıldığını düşünür.
23:20 10.10.2026
Oxunuş sayı: 59