Rusiya Gürcüstan içkilərinin idxalını və satışını dayandırıb
Rusiyada müəyyən Gürcüstan istehsalı içkilərin, o cümlədən mineral su və alkoqollu məhsulların idxalı və dövriyyəsi dayandırıldıqdan sonra həmin məhsullar satışdan çıxarılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ria novosti”məlumat yayıb.
Mənbənin sözlərinə görə, məhsulların satışdan çıxarılması üçün təchizat zəncirinin bütün mərhələlərində, logistika prosesindən mağaza rəflərinədək tədbirlər görülür.
Bundan əvvəl KİV-də müvəqqəti qadağanın “Teliani Valley” ASC, “Tbilvino”, “Georgian Beer Company” və “Askaneli Brothers” MMC-nin istehsal etdiyi alkoqollu məhsullara şamil edildiyi bildirilmişdi. Həmçinin “Healthy Water” şirkətinin istehsal etdiyi “Nabeghlavi” mineral suyu və Gürcüstanda istehsal olunan “Coca-Cola” içkisi də qadağaya düşüb.
Qadağanın səbəbi məhsulların orqanoleptik və fiziki-kimyəvi göstəricilər, eləcə də təhlükəsizlik standartları üzrə tələblərə uyğun gəlməməsi ilə izah olunur. Bununla belə, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, daha əvvəl Ermənistan Rusiya hakimiyyətinin tətbiq etdiyi genişmiqyaslı ticarət məhdudiyyətləri ilə əlaqədar Avrasiya İqtisadi İttifaqına şikayət etmişdi.
19:51 10.10.2026
Oxunuş sayı: 68