London və Parisdə İsrailə qarşı kütləvi etirazlar
London və Parisdə İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Nümayişçilər İsrailə sanksiyaların tətbiqini və silah tədarükünün dayandırılmasını tələb ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Böyük Britaniyanın paytaxtı Londonda Fələstin tərəfdarlarının keçirdiyi yürüşdə 250 mindən çox insanın iştirak etdiyi bildirilir. Aksiya iştirakçıları İsrailin Qəzzadakı əməliyyatlarına, İordan çayının qərb sahilindəki işğalına və Britaniya hökumətinin İsrailə dəstəyinə etiraz ediblər. Nümayişçilər “Azad Fələstin” və “İsraili silahlandırmağa son qoyun” şüarları səsləndiriblər.
Qəzza Ailələri Platformasının rəhbəri, jurnalist Hala Hanina çıxışı zamanı ailəsinin bir üzvünün humanitar yardım kimi paylanan unu götürməyə gedərkən öldürüldüyünü bildirib.
Parisdə isə minlərlə insan Respublika meydanından Şatle meydanına qədər yürüş edib. Nümayişçilər Qəzzadakı hücumların dayandırılmasını, İsrail həbsxanalarında saxlanılan fələstinli həkimlərin və digər məhbusların azad edilməsini, eləcə də Fransa hökumətinin İsrailə qarşı sanksiyalar tətbiq etməsini tələb ediblər.
Aksiyada “Boyun Əyməyən Fransa” partiyasının deputatları da iştirak ediblər. Deputat Tomas Port İsrailə silah embarqosunun tətbiqinə çağırıb. Fələstin əsilli fransalı vəkil Salah Hamuri isə Fransa və Avropa İttifaqını İsrailin Qəzzadakı hərəkətlərinə görə məsuliyyət daşımaqda ittiham edib.
10:57 11.10.2026
Oxunuş sayı: 55