İşçi qrupunun rəhbəri: "Standart qiymətləndirmə üsullarından yorulanlar üçün “Yüksəliş” fərqli yanaşma təklif edir" - MÜSAHİBƏ

Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərinin bir çoxu hazırda fərqli qurumlarda müxtəlif vəzifələrdə çalışırlar. Bu, onu deməyə əsas verir ki, müsabiqə ölkədə idarəetmə sistemində də müəyyən optimallaşdırmala töhfə verir.
"Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev müsabiqə ilə bağlı Crossmedia.az-a geniş müsahibə verib. Müsahibəni təqdim edirik:
- “Yüksəliş” müsabiqəsi artıq beşinci dəfədir ki, keçirildi. Ötən illərə nəzər salsaq, idarəetmə sistemi üçün “Yüksəliş”in ən böyük töhfəsi nə olub?
- Beşinci “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində imzaladığı
müvafiq Sərəncamla keçirildi. Müsabiqə Azərbaycanda idarəetmə sisteminin
inkişafına mühüm töhfələr verir. Ötən illərə nəzər saldıqda, müsabiqənin ən
böyük nailiyyəti dövlət və özəl sektorda potensiallı kadrların üzə çıxarılması,
onların bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi
olmuşdur.
“Yüksəliş” müsabiqəsi idarəetmə sisteminə təkcə yeni nəsil
idarəçilər qazandırmaqla kifayətlənmir, eyni zamanda, şəffaf seçim mexanizmi, səriştələrə
əsaslanan yanaşma və innovativ idarəçilik mədəniyyətinin formalaşdırılması
baxımından da nümunəvi model rolunu oynayır. Bu proses nəticəsində formalaşan
Kadr Bankı və fərdi inkişaf planları idarəetmə sistemində peşəkar və vətənpərvər
kadrların yetişdirilməsinə real imkan yaradır.
Beləliklə, “Yüksəliş” müsabiqəsinin ən böyük töhfəsi idarəetmə sahəsində keyfiyyətli insan resurslarının formalaşdırılması və bu sahədə davamlı inkişafın təmin olunmasıdır. Bununla yanaşı, “Yüksəliş” peşəkar ekspertlərin iştirakı ilə şəffaf seçim mexanizmini təmin etmiş, səriştəyə əsaslanan qiymətləndirmə və innovativ idarəçilik yanaşmalarını idarəetmə sisteminə gətirmişdir.
- Bəzən belə iddialar səslənir ki, ancaq
xaricdə təhsil alanlar “Yüksəliş”in qalibi ola bilərlər. Bu iddialar nə qədər
doğrudur? Və ümumiyyətlə, sizcə, belə fikirləşin formalaşmasının səbəbi nədir?
- Belə iddialar reallığı əks etdirmir. “Yüksəliş” müsabiqəsi hər bir iştirakçının bilik, bacarıq və liderlik potensialının obyektiv şəkildə qiymətləndirilməsinə əsaslanır. Qaliblər müxtəlif təhsil və peşə təcrübəsinə malik şəxslər arasından seçilir və onların uğuru xarici və ya yerli təhsilindən çox, müsabiqə mərhələlərində göstərdikləri performansla müəyyən olunur. Bu kimi fikirlərin formalaşmasının əsas səbəbi bəzən qaliblər arasında xaricdə təhsil almış şəxslərin daha çox görünməsi ilə bağlıdır. Lakin bu, onların təhsillərindən deyil, əldə etdikləri fərqli perspektivlər və inkişaf etmiş bacarıqlardan qaynaqlanır. Eyni zamanda, yerli təhsil müəssisələrinin məzunları da müsabiqədə yüksək nəticələr göstərir və qalib olurlar. “Yüksəliş”in əsas üstünlüyü məhz bu müxtəlifliyi əhatə etməsi və hər kəsə bərabər imkan yaratmasıdır. Təhsil aldığı ölkədən asılı olmayaraq, hər bir namizəd öz potensialını ortaya qoyaraq uğur qazana bilər.
- Sonuncu müsabiqə də göstərdi ki, “Yüksəliş”ə
maraq və tələb çoxdur. Bu tələb nə ilə bağlıdır? Adətən imtahanlardan qaçan
insanlar “Yüksəliş”ə böyük maraq göstərirlər. Bu nə ilə bağlıdır? Perspektivlər
yorğunluqdan daha cəlbedici gəlir, ya başqa səbəblər də var?
- Sonuncu müsabiqə bir daha göstərdi ki, “Yüksəliş”ə olan maraq ildən-ilə artır və bu, təsadüfi deyil. Müsabiqə sadəcə imtahan və ya seçim mərhələsi deyil, eyni zamanda, iştirakçılara özlərini tanımaq, inkişaf etdirmək və gələcək karyeraları üçün real fürsətlər qazanmaq imkanı yaradır. Adətən imtahanlardan çəkinən, standart qiymətləndirmə üsullarından yorulan insanlar üçün “Yüksəliş” fərqli yanaşma təklif edir. Burada əsas diqqət bilikdən çox bacarıq, analiz, idarəetmə kimi real idarəçilik keyfiyyətlərinə yönəlib. Bu da müsabiqəni daha maraqlı edir.
Bundan əlavə, iştirakçılar fərdi inkişaf planları, mentor dəstəyi və Kadr Bankına düşmək kimi uzunmüddətli perspektivlərə görə müsabiqəyə böyük maraq göstərirlər. Beləliklə, bu tələb həm cəlbedici imkanlarla, həm də şəxsi və peşəkar inkişaf üçün yaradılan unikal platforma ilə bağlıdır. Perspektivlər doğrudan da yorğunluğu kölgədə qoyur.
- Suallar
tərtib olunarkən nələrə hansı meyarlar nəzərə alınır? Bu məsələ də DİM tam sərbəstdir,
yoxsa sizin də hansısa müdaxiləniz, tövsiyələriniz olur?
- Qeyd etmək lazımdır ki, “Ümumi biliklər”, “Analitik təhlil” və “İdarəetmə bacarıqları” imtahanlarının sualları “Yüksəliş” İşçi Qrupu ilə Dövlət İmtahan Mərkəzinin əməkdaşlığı çərçivəsində hazırlanır. Hər bir imtahanın özünəməxsus məqsədi var və bu məqsədlərdən irəli gələrək suallar beynəlxalq qəbul olunmuş relevantlıq və etibarlılıq meyarları əsasında tərtib olunur. Hazırlanmış suallar müvafiq ekspertiza mərhələsindən keçir və keyfiyyətə ciddi nəzarət həyata keçirilir.
Təbii ki, “Yüksəliş” İşçi Qrupu yalnız konseptual yanaşmanı formalaşdırmaqla kifayətlənmir. İşçi Qrupu həmçinin sualların hazırlanmasında birbaşa iştirak edir və onların müsabiqənin məqsəd və dəyərlərinə uyğunluğunu təmin etmək üçün keyfiyyətə nəzarət funksiyasını yerinə yetirir. Dövlət İmtahan Mərkəzi isə bu prosesdə metodoloji və texniki ekspert kimi çıxış edir. Düşünürük ki, bu əməkdaşlıq modeli hər iki tərəfin güclü tərəflərini bir araya gətirərək yüksək keyfiyyətli və obyektiv qiymətləndirmə mühiti yaradır.
- Başqa ölkə vətəndaşlarının müsabiqədə
iştirak edə bilməməsi nə ilə bağlıdır? Gələcəkdə bu qaydada hansısa dəyişiklik
ola bilərmi?
- “Yüksəliş” müsabiqəsi, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında və Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata
keçirilən, ölkədə peşəkar kadrların formalaşdırılmasını hədəfləyən milli
inkişaf layihəsidir. Elə bu səbəbdən də müsabiqədə yalnız Azərbaycan
Respublikasının vətəndaşları iştirak edə bilirlər.
Bu məhdudiyyət hüquqi əsaslara söykənir və dövlət idarəçiliyində
yerli resursların inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə çərçivəsində
formalaşdırılan Kadr Bankı və təqdim olunan imkanlar – mentorluq, fərdi inkişaf
planları və digər resurslar dövlətin kadr potensialının gücləndirilməsinə yönəlib.
Bu səbəbdən iştirak hüququ yalnız Azərbaycan vətəndaşlarına verilir.
Gələcəkdə bu qaydanın dəyişdirilməsi hüquqi və strateji qərarlardan asılıdır. Əgər müsabiqənin məqsəd və vəzifələri genişləndirilərsə və ya beynəlxalq komponent əlavə olunarsa, bu istiqamətdə dəyişikliklər nəzərdən keçirilə bilər. Lakin hazırda müsabiqə milli kadr siyasətinin bir hissəsi olaraq yalnız Azərbaycan vətəndaşlarını əhatə edir.
- “Yüksəliş” müsabiqəsinin beynəlxalq əlaqələri
ilə bağlı nə deyə bilərsiniz?
- “Yüksəliş” müsabiqəsinin beynəlxalq əlaqələri getdikcə genişlənir və qlobal tanınma baxımından mühüm uğurlar əldə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Yüksəliş” müsabiqəsi 2025-ci ildə “Beynəlxalq e-Assessment Mükafatları”nda finalçı elan olunaraq beynəlxalq səviyyədə tanınıb. Bu nüfuzlu mükafat texnologiyanın qiymətləndirmə proseslərinə gətirdiyi yenilikləri tanıyan e-Assessment Assosiasiyası tərəfindən təqdim olunur. Bu uğur “Yüksəliş”in yalnız yerli deyil, beynəlxalq platformalarda da etibarlı və innovativ qiymətləndirmə modeli kimi qəbul edildiyini göstərir və Kadr Bankına daha peşəkar kadrların cəlb olunmasına dəstək verir.
- Bilirik ki, süni intellekt günümüzün
ayrılmaz hissəsinə çevrilməkdədir. Bu, idarəetmədə də hiss olunur? Növbəti
müsabiqələrdə bu məqamın xüsusi nəzərə alınması mümkündür?
- Bəli, süni intellekt artıq yalnız texnoloji sahələrin deyil, idarəetmənin də ayrılmaz bir parçasına çevrilməkdədir. İdarəetmə proseslərində qərarvermə, analiz, resursların optimallaşdırılması və strateji planlaşdırma kimi funksiyalarda süni intellektin rolu getdikcə artır. Bu, həm effektivliyi yüksəldir, həm də insan faktoruna əsaslanan səhvlərin qarşısını almağa kömək edir. “Yüksəliş” müsabiqəsinin əsas məqsədlərindən biri müasir idarəçilik trendlərinə uyğunlaşan yeni nəsil idarəçiləri müəyyən etməkdir. Bu baxımdan, süni intellekt kimi qlobal transformasiyalar xüsusi diqqət mərkəzində saxlanılır. Artıq bu tendensiya müsabiqənin mərhələlərinə də əks olunmağa başlayıb. Qeyd etmək yerinə düşərdi ki, “Yüksəliş” müsabiqəsinin final mərhələsinin birində keçirilən Mentor Keyslərinin mövzularından biri məhz “Süni intellekt və gələcək əmək bazarı” idi.
- VI “Yüksəliş”müsabiqəsi üçün hansı yeniliklər
nəzərdə tutulur?
- Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsi hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilir. Artıq müsabiqənin beşinci mövsümü uğurla başa çatıb və bu müddət ərzində yüzlərlə perspektivli kadr müəyyən olunaraq inkişaf imkanları ilə təmin edilib. Qeyd etmək lazımdır ki, “Yüksəliş” yalnız mərhələlərdən ibarət bir seçim prosesi deyil. Müsabiqə çərçivəsində il ərzində müxtəlif inkişaf tədbirləri də həyata keçirilir. Bunlara iştirakçılar üçün təşkil olunan kvizlər, netvörkinq görüşləri, forumlar və digər maarifləndirici tədbirlər daxildir. Bu tədbirlər iştirakçılar arasında şəbəkələşməni, təcrübə mübadiləsini və şəxsi inkişafı dəstəkləyən mühüm addıma çevrilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin göstərişi əsasında yaradılmış Kadr Bankı üzərində də işlər davam edir. Artıq 3109 nəfərlik bazası olan Kadr Bankı elektron platforması vasitəsilə müsabiqənin idarəetmə bacarıqları imtahanına vəsiqə qazanan namizədlər, eyni zamanda, müsabiqənin yarımfinalçı, finalçı və qalibləri peşəkar bacarıqları və potensialları nəzərə alınaraq izlənilir, onların inkişafı və müxtəlif vəzifələrə yönləndirilməsi nəzarətdə saxlanılır.
Kənan Novruzov
12:48 01.08.2025
Oxunuş sayı: 2966