Professor: "Hazırda Azərbaycana qarşı aparılan dezinformasiya müharibəsində, şübhəsiz ki, Rusiya ön sırada yer alır"

Regionda baş verən geosiyasi gərginlik fonunda, Azərbaycana qarşı sistemli şəkildə yürüdülən dezinformasiya kampaniyaları yeni bir mərhələyə qədəm qoyur. Bu kampaniyaların arxasında, çox təəssüf ki, nüfuzlu və beynəlxalq auditoriyaya sahib olan media qurumlarının dayandığı müşahidə olunur. Yayılan yanlış məlumatlar təkcə Azərbaycan haqqında ictimai rəyi manipulyasiya etməyi deyil, həm də onun beynəlxalq mövqeyini sarsıtmağı hədəfləyir. Gerçəklərin təhrif olunması, kontekstin dəyişdirilməsi və saxta narrativlərin formalaşdırılması bu informasiya siyasətinin əsas alətlərinə çevrilib.
Belə bir şəraitdə Azərbaycan tərəfi, informasiya suverenliyinin və ictimai gerçəkliklərin müdafiəsi üçün qətiyyətli addımlar atmağa davam edir. Bu səbəbdən də informasiya müharibəsinə qarşı strateji və peşəkar yanaşmalar daha önəmli hal alır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən BDU-nun Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli bildirib ki, hazırda Azərbaycana qarşı aparılan dezinformasiya müharibəsində, şübhəsiz ki, Rusiya ön sırada yer alır:
“Fransa İranın bəzi media qurumları da bu kampaniyada iştirak edir. Bu saxta xəbərlərin məqsədi dünya ictimaiyyətində yanlış təsəvvür formalaşdırmaq, gerçəkliyi təhrif etmək və Azərbaycana ləkə yaxmaqdır. Bütün bunlar həmin dezinformasiya siyasətinin tərkib hissəsidir. Bu cəhdlərə ən tutarlı cavab isə, sözsüz ki, Şuşa Media Forumunda Azərbaycan Prezidentinin səsləndirdiyi bəyanatlardır. Həmin bəyanatlar göstərir ki, Azərbaycan artıq beynəlxalq hüququn müstəqil subyekti kimi müstəqil siyasətini yürüdür. Bu siyasətin əsas istiqaməti isə beynəlxalq hüquq prinsiplərinə əsaslanan, sülhə və qarşılıqlı hörmətə söykənən qonşuluq münasibətləri qurmağa yönəlib. Azərbaycan öz ərazi bütövlüyünü, siyasi və iqtisadi müstəqilliyini qoruyur və ona hörmətlə yanaşılmasını tələb edir. Bu yaxınlarda Çin mətbu orqanlarından biri qeyd edib ki, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Bu günkü Azərbaycan, Rusiya və İran kimi dövlətlərə qarşı yerini göstərir, müstəqil və dinamik bir subyektdir. Bu baxımdan, Şuşa Media Forumunda dövlət başçısının verdiyi bəyanatlar, bu və ya başqa məsələlərlə bağlı Azərbaycanın irəli sürdüyü tezislər və prinsiplər — Azərbaycanın sülhə yönəlmiş və xoşməramlı niyyətini aydın şəkildə ifadə edir. Xüsusən Ukrayna ilə bağlı Zəngəzur dəhlizi ilə verilən bəyanatlar onu göstərir ki, Azərbaycan yalnız Cənubi Qafqazda deyil, bütün dünyada sabitlik, əmin-amanlıq və sülhün tərəfdarıdır. Ona görə də qonşuları ilə ikitərəfli, beynəlxalq hüquqa əsaslanan münasibətlərinin qurulmasını istəyir. Burada da qeyri-adi heç nə yoxdur. Yəni, bu dezinformativ məlumatların heç bir gerçək əsası yoxdur. Bunlar yalana, faktların təhrif olunmasına və manipulyasiyaya əsaslanan informasiya siyasətidir. Əlbəttə ki, bizim media qurumları da çox mötəbər bir şəkildə daha çox ingilis, rus və başqa xarici dillərdə bu dezinformasiyalara tutarlı cavablar verməlidir”.
Nəzrin Salmanova
16:18 21.07.2025
Oxunuş sayı: 1537