"Allahın evində" qanvermə aksiyası: "Mənim də, oğlumun da qanı bu xalqa halal olsun" - REPORTAJ




İnsanlar il ərzində bir neçə dəfə buraya- Təzə Pir məscidinə kütləvi axın edilər. Aşura da belə günlərdən biridir.
İnsanlar bu dəfə qan vermək üçün müqəddəs məkana toplaşırlar.
...İçəri daxil oluram. Gigiyenik qaydalara uyğun olaraq hər kəs kimi mənə də baxıl təqdim olunur. Günün təzə başlamasına baxmayaraq, ətrafda xeyli insan var.
Məntəqədə təkcə könüllü qan verən insanlar deyil, tibb bacıları, məntəqə polisləri və digər əməkdaşlar da eyni həyəcan və ruh yüksəkliyi ilə bu xeyirxah missiyanın iştirakçılarına çevrilir.
İnsanlar əvvəlcə qeydiyyata düşür, sonra onların qan təzyiqi ölçülür və ümumi sağlamlıq vəziyyətləri yoxlanılır. Kiminsə ac olduğu müəyyənləşərsə, dərhal məntəqədəki personal tərəfindən müxtəlif yüngül təamlarla təmin olunur.
Qanverənlər arasında demək olar, bütün yaş qruplarından olanlara rast gəlinir. Ancaq hər halda orta və yaşıl nəsil nünayəndələri üstünlük təşkil edir.
Ümumiyyətlə, gənc nəsil nədənsə bu məsələlərə o qədər də isti yanaşmır. Düzü, konkret səbəbi mən də bilmirəm. Bəlkə də, maariflənmə lazımi səviyyədə deyil. Hər halda düşünülməyə dəyər məsələdir.
Bu fikirlərlə prosesləri izləyirdim ki, təxminən 50-60 yaşlarında nurani üzlü bir qadın çiynimə toxunub soruşur:
- Bala, sənin növbəndir.
"Xeyr" deyirəm. Və, "fürsət bu fürsətdir" prinsipi ilə ən düzgün sözləri seçməyə çalışaraq deyirəm:
- Bibi, bu istidə buraya gəlməyiniz, qan verməyiniz çox gözəldi...
- Oğul, əl tutmaq Əlidən qalıb. Savabdır. Qoy, Allah günahlarımızı bağışlasın...
..Deyəsən, insan yaşlaşdıqca "savab", "o dünya" kimi anlayışlara daha həssas yanaşır. Hərçənd ölümün yaşı yoxdur...
...Qan vermə prosesi zamanı tibb bacılarının diqqət və qayğısı xüsusi vurğulanmalıdır. Tibb işçiləri insanlarla olduqca nəzakətli davranır, ən kiçik narahatlığı belə diqqətdən qaçırmırlar. İynə qorxusu olanlar üçün belə şərait maksimal komfortla təmin olunub. İynə vurulandan sonra tibb bacıları tez-tez yaxınlaşaraq vəziyyəti soruşur, ehtiyac yaranarsa dəstəyə hazır olduqlarını bildirirdilər.
Qanvermə mərhələsi tamamlandıqdan sonra iştirakçılar məntəqədə qurulmuş çay süfrəsinə dəvət olunur. Elə orada könüllü donorlar və təşkilatçılar arasında xoş söhbətlər baş tutur. Bu ünsiyyətlər aksiyanın sıradan bir prosedur yox, insanları birləşdirən bir dəyər olduğunu bir daha sübut edirdi.
Bir dialoqa, necə deyərlər, "qulaq misafiri" oluram. Yaşlı bir baba təxminən nəvəsi yaşın ola biləcək könüllü donora danışır:
- Oğlumu İkinci Qarabağ müharibəsində bu Vətənə qurban etmişəm. Bir Azərbaycana baxın. Heç Rusiya da bizimlə bacarmır...
Bu sözləri o qədər həvəslə deyir ki, elə bil, böyük bir kürsü arxasındadır.
Sonra əlavə edir:
- Mən bir az qan verməklə heç nə olmaz. Mənim, oğlumun da qanı bu vətənə, xalqa, dövlətə halal olsun.
Təxminən bir saat burada oluram.
Məntəqədən çıxanda ananın qızı ilə birlikdə buraya gəldiyini görürəm. Qız yəqin ki, məktəbin ilk siniflərində oxuyar. Anasının əlindən tutub.
Soruşur:
- Mama, qorxmursan?
Ananın "yox, ay qızım. İnsan allahın evində heç nədən qorxmaz" cavabı sanki kiçikyaşlı üçün də təskinlik olur.
Yeri gəlmişkən, deyim ki, təhlükəsizlik də yüksək səviyyədə təşkil olunmuşdu. Məntəqəyə daxil olarkən jurnalist olduğumu bildirdikdə, polis əməkdaşları nəzakətlə istiqamətləndirdilər. Aksiya zamanı bir an belə narahatlıq hiss etmədik. Məntəqəni tərk edərkən yaşlı bir polis əməkdaşı mənə gülümsəyərək soruşdu:
— Bir şey hazırlaya bildinmi, bala?
— Bir şey hazırlayıb çox şey öyrəndim – deyə cavab verdim.
Bu cavab bu gün orada gördüklərimin və yaşadıqlarımın kiçik bir yekunu idi.
Bu gün Təzə Pir məscidində baş tutan aksiyada bir daha şahid olduq ki, xalqımız bir məqsəd uğrunda birləşməyi bacarır. Yardım, xeyriyyə, insanlıq – bu anlayışlar bizim cəmiyyət üçün sadəcə söz deyil, gündəlik həyatın bir parçasıdır. Kimsə üçün adi bir gün, başqası üçünsə həyat verən an ola bilər.
Bu cür aksiyalar həm fiziki, həm də mənəvi baxımdan insanı gücləndirir. Çünki qan vermək sadəcə tibbi prosedur deyil, bir həmrəylik aktıdır.
Ayhan
15:35 05.07.2025
Oxunuş sayı: 6005