Silahlı Qüvvələr Günü - milli qürur salnaməsi

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizdə dövlətçilik ənənələrinin, milli ordu quruculuğunun və hərbi qüdrətin rəmzi olaraq böyük təntənə ilə qeyd olunur. Bu tarix təkcə təqvimdə bir bayram günü deyil, həm də xalqımızın əsgərinə, zabitinə olan yüksək ehtiramının ifadəsidir. Azərbaycan Ordusunun bu günkü gücü, çevikliyi və yüksək döyüş hazırlığı müstəqillik tariximizin ən mühüm nailiyyətlərindəndir.
Silahlı Qüvvələrin yaranma tarixi 1918-ci ilin 26 iyununa — Azərbaycan Xalq Cümhuriyyətinin hərbi hissələrinin təşkil olunmağa başladığı günə dayanır. Müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə gənc dövlət tərəfindən ilk nizami ordu hissələrinin yaradılması Azərbaycanın hərbi müstəqilliyinin təməl daşı oldu.
107 illik uzun bir yol keçmiş Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi məhs ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Hələ Sovetlər dövründə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar onun qətiyyətli iradəsi nəticəsində hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdı. Heydər Əliyevin həmin dövrdə diqqət yetirdiyi məsələlərdən biri Azərbaycan gənclərinin hərbi hazırlıq keçərək xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsi, onlarda hərbi ixtisaslara marağın gücləndirilməsi, SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsinə nail olunması idi. O, daim çalışırdı ki, yüksək vəzifəli sovet zabitləri arasında azərbaycanlılar da yer alsın. O dövrdə milli zabit kadrların hazırlanması fəaliyyəti Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli bir səhifədir. Sovet dövründə aparılan hərbi-təşkilati işlər arasında Azərbaycanda bir çox maneələrə baxmayaraq general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılması xüsusi əhəmiyyət kəsb edir. O vaxt Sovetlər İttifaqı çərçivəsində belə bir məktəbin açılması təşəbbüsunü irəli sürərkən Heyder Əliyev yalnız Azərbaycanın gələcəyini düşünürdü.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan ordusunda ağır böhran mövcud idi, dövlət və ordu bir-birindən ayrı düşmüşdü, ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi, ordunun döyüş qabiliyyəti zəruri tələblərə cavab vermirdi. Lakin Heydər Əliyevin qətiyyətli fəaliyyəti sayəsində Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu. Onun rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu tədbirləri nəticəsində nizami, peşəkar və döyüş qabiliyyətli silahlı qüvvələr formalaşdırıldı. O, Azərbaycan ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsini daimi diqqət altında saxlanmasına nail oldu.
Ulu Öndər həmişə çıxışlarında fərəhlə deyirdi: "…İndi bizim hərtərəfli təlim görmüş, müasir dünya ölkələrinin təcrübəsi əsasında formalaşma yolu keçmiş yüksək döyüş hazırlığına malik güclü ordumuz var". Ordu quruculuğunun səmərəliliyinin başlıca şərtlərindən birini ulu öndər Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı. 1998-ci ildə Heydər Əliyev tərəfindən 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirildi.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin sübutudur. Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda böyük işlər görülmüş, genişmiqyaslı islahatlar həyata keçirilirmişdir.
Azərbaycan Ordusu ən böyük tarixi uğurunu 2020-ci ilin sentyabrında – 44 günlük Vətən Müharibəsində qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Ermənistanın illərlə qurduğu müdafiə xətlərini darmadağın edərək, torpaqlarımızı işğaldan azad etdi. Uzun illərdən sonra Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən Müharibəsində xalq-ordu birliyinin təntənəsi yaşandı. Şuşa kimi strateji və mədəni paytaxtımızın azad edilməsi bu zəfərin tacı oldu.
Bu müharibə Azərbaycan Ordusunun nə qədər hazırlıqlı, intizamlı və texnoloji baxımdan müasir olduğunu sübut etdi. Ən yeni silah sistemləri, pilotsuz uçuş aparatları, kəşfiyyat və rabitə vasitələri ilə təmin olunmuş ordu eyni zamanda yüksək mənəvi-psixoloji ruh halı ilə də seçildi. Vətən sevgisi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı bu zəfərin əsasını təşkil etdi.
2020-ci ilin zəfərindən sonra Azərbaycan Silahlı Qüvvələri struktur baxımından daha da təkmilləşdirildi. Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, Daxili Qoşunlar və digər birləşmələr daha çevik, texnologiyaya əsaslanan, döyüş qabiliyyəti yüksək bir formaya salındı. Hərbi sənaye kompleksi gücləndirildi, yerli istehsal imkanları artırıldı. Bu, ölkənin hərbi sahədə xarici asılılığını azaltmaq baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan Ordusu regional təhlükəsizlikdə aparıcı gücə çevrilib. Müttəfiqlik münasibətləri – xüsusilə Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi – hərbi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olmuşdur. Bu sənəd hər iki ölkənin ordularının inteqrasiyasını, birgə təlimlərini və strateji əməkdaşlığını əhatə edir.
Bu gün Azərbaycan gəncliyi ordu sıralarına böyük ruh yüksəkliyi ilə qoşulur. Hərbi xidmət vətənpərvərlik məktəbinə çevrilib. Ordumuzun peşəkarlaşması, hərbi təhsil ocaqlarının inkişafı, qadın hərbçilərin sayının artması, sosial təminat məsələlərinin həlli onu göstərir ki, Silahlı Qüvvələrimizin gələcəyi daha da güclü olacaq.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün yalnız bir ölkənin müdafiə gücü deyil, həm də qlobal hərbi-siyasi sistemdə öz yeri olan, regionun qüdrətli ordularından biridir. Azərbaycan xalqı müstəqilliyinin atributu olan öz qüdrətli qalib ordusu ilə fəxr edir. Gələcəyə güvənlə baxan, müasir texnologiyaya sahib, ali məqsədlərlə formalaşan bir ordu – müstəqil Azərbaycanın ən etibarlı qalasıdır.
Günay Məmmədli
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı üzrə (ADSEA) ərazi partiya təşkilatının sədri
14:16 23.06.2025
Oxunuş sayı: 4140