Enerji diplomatiyasının 30 illik uğur yolu

2-4 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edib. Tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil&Gas"), 13-сü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) və 30-cu Yubiley Bakı Enerji Forumu keçirilib. Ölkənin enerji strategiyasının yenilənmiş vizionunun nümayişi kimi qiymətləndirilən bu forum həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.
Tədbirin dünyanın 39 ölkəsindən olan 267 fərqli şirkəti, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycanın paytaxtı artıq bir müddətdir ki, nüfuzlu beynəlxalq tədbirlərin təşkil edildiyi və mühüm əməkdaşlıqların və qərarların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Beynəlxalq Xəzər neft və qaz sərgisi artıq 30 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün geniş platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təşkil olunan sərgiyə ABŞ, Böyük Britniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərirlər. Ənənəvi olaraq Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqlar iştirak ediblər. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edib. Tədbir çərçivəsində ənənəvi olaraq ikitərəfli işgüzar görüşlər keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə ediblər.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin etdiyi çıxış, Azərbaycanın enerji strategiyasının keçmişi, bu günü və gələcəyi barədə mühüm fikirlərlə zəngin olmuşdur. O, çıxışında xatırlatdı ki, ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 1994-cü ildə keçirilib. Bu sərgi Azərbaycanın dünya enerji xəritəsinə qayıdışının simvolu kimi yadda qalıb.
İlham Əliyev qeyd edib ki, bu mühüm proseslərin əsasında ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Məhz onun rəhbərliyi və qətiyyətli qərarları nəticəsində beynəlxalq neft şirkətləri Azərbaycana cəlb olundu, regionda sabitlik yaradıldı və Azərbaycanın enerji layihələrinə inam formalaşdı. Bu baxış yalnız iqtisadi deyil, həm də strateji və geosiyasi mahiyyət daşıyırdı. Heydər Əliyevin siyasi iradəsi sayəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və əsası qoyulan bugünkü Bakı Enerji Həftəsi Azərbaycanın neft tarixində dönüş nöqtəsi oldu.
Cənab Prezident Bakı Enerji Həftəsinin enerji sahəsində aparıcı beynəlxalq tədbir olması ilə yanaşı qlobal əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq demişdir: “Bu gün sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik Azərbaycan regionda yeni mühit formalaşdırdı. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir”
Avropa İttifaqı ilə Azərbaycan arasındakı enerji sahəsində strateji tərəfdaşlıq və onun müsbət məqamları, Azərbaycanın geosiyasi əhəmiyyəti barədə danışan dövlət başçısı qeyd edib ki, ölkəmiz boru kəməri ilə 12 ölkəyə təbii qaz ixrac edir. Hazırda Azərbaycan ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindədir. Azərbaycan hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirib, ona görə də daim uğur qazanıb. Təbii qaz ixracının ötən il 25 milyard kubmetrə çatdığını vurğulayan ölkə başçımız bildirib ki, hasilatın artırılması istiqamətində artıq müqavilələr imzalanıb, işlər müvafiq plana uyğun gedərsə 2030-cu ilədək 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcək qaz ixracı 8 milyard kubmetrə qədər artırılaraq, xarici bazarlara təklif ediləcəkdir. Eyni zamanda, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal ediləbiləcək bərpa olunan enerji gücünə malik olacaq ki, bu da ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Ötən il “Bakı Enerji Həftəsi” çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu ilki tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır.
Azərbaycanın sədrlik etdiyi “Bakı sıçrayışı” adlandırılan COP29-un uğurlarından bəhs edən Prezident İlham Əliyev Azərbaycanın nail olduğu bir çox hədəflərlə yanaşı, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını xüsusilə qeyd edib. Ölkə başçısı eyni zamanda 10 il davam edən müzakirələrdən sonra karbon bazarının da işlək vəziyyətə gətirilməsindən məmnunluğunu vurğulayıb. Cənab Prezident bildirib ki, Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması hədəfinə də nail olunmuşdur ki, bu hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. O, COP29 da Azərbaycanın yaşıl enerji istiqamətindəki təşəbbüslərini də “pragmatik” təşəbbüslər kimi xarakterizə etdi. Bundan əlavə COP29-da elan edilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi çərçivəsində Azərbaycan köməyə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcək.
Bu gün Azərbaycan dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Siyasi sabitlik, güclü iqtisadi inkişaf və şaxələndirilmiş enerji siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Yaşıl enerji sahəsində görülən işlər, enerji keçidi və bərpa olunan mənbələrə yönəlmiş strategiyalar da Azərbaycanın gələcəyə baxışının göstəricisidir. “COP29”-a ev sahibliyi etməsi də Azərbaycanın bu sahədəki qlobal əhəmiyyətini bir daha sübut etdi.
Günay Məmmədli
YAP Yasamal rayonu “Moskva pr. 67” (ADSEA) ünvanı üzrə ərazi partiya təşkilatının sədri
10:45 10.06.2025
Oxunuş sayı: 14505