Laçın Zirvə görüşü: Üç qardaş ölkənin geosiyasi ittifaqı

2025-ci il mayın 28-də Azərbaycanın azad edilmiş Laçın şəhərində Prezident İlham Əliyevin Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən ikinci üçtərəfli zirvə görüşü və həmin tədbirdə Prezident İlham Əliyevin tarixi çıxışı ölkələrarası əməkdaşlığın yeni mərhələsini elan etdi.
Laçın şəhəri, 30 ilə yaxın işğal altında qalmış, azadlıq uğrunda mübarizənin və Azərbaycanın dirçəlişinin simvollarında biri olaraq seçilmişdi. Bu şəhərdə keçirilən tədbir, sadəcə bir rəsmi görüş yox, həm də böyük rəmzi mənaya malik idi. Prezident İlham Əliyevin çıxışı işğalın yaralarının sağalması, milli birlik, həmrəylik və bölgədə yeni geosiyasi reallıqların yaradılması mövzusunda idi. Laçında üç qardaş ölkənin liderlərinin bir araya gəlməsi, Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsində verdiyi siyasi və mənəvi dəstəyin təzahürü olmaqla yanaşı, regionda sülh və sabitliyin təməlini qoyan bir siyasi hadisə idi.
Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd etməklə başladı. Bu, müsəlman dünyasında ilk demokratik respublikanın qurulması kimi böyük tarixi hadisə idi. Lakin bu müstəqilliyin qısa sürməsi, xarici təzyiqlər və işğallarla üz-üzə qalmış Azərbaycan xalqının mübarizəsinin simvolu kimi təqdim olundu. Bu, Azərbaycanın keçmiş ədalətsizliklərlə, itkilərlə və işğallarla mübarizəsinin, eyni zamanda iradəsinin və qardaş xalqların dəstəyinin gücünü vurğulayan ideoloji mesaj idi.
Çıxışda Xocalı soyqırımından və Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən bəhs edildi. Bu faktlar Azərbaycan xalqının yaşadığı faciələri, itkiləri və hüquqi haqsızlıqları beynəlxalq arenada tanıtdırmaq üçün siyasi əsas kimi təqdim edildi. Prezidentin vurğuladığı kimi, 20 faiz torpağın işğalı, minlərlə insanın etnik təmizləməyə məruz qalması Azərbaycanın milli yaddaşında dərin iz buraxmışdır.
Prezident İlham Əliyevin çıxışının ən önəmli hissəsi 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan zəfərin siyasi və hərbi aspektləri idi. Bu zəfər Azərbaycan üçün yalnız torpaqların azad edilməsi yox, həm də regionda yeni geosiyasi güc mərkəzinin formalaşması anlamına gəlir. Prezident hərbi qələbənin arxasında duran amilləri – güclü iqtisadiyyat, ordunun qüdrəti, siyasi iradə və gənc nəsilin vətənpərvərliyi kimi faktorları yüksək qiymətləndirdi.
Qeyd olunub ki, azad edilmiş torpaqlarda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm hissəsidir. Yeni hava limanları, dəmir yolları, tunellər, xəstəxanalar və məktəblər bölgənin sosial-iqtisadi həyatının canlanmasının göstəricisi olaraq təqdim edilir. Bu isə, həm də Türkiyə və Pakistanın bölgəyə investisiyalarının, layihələrdə iştirakının artırılması üçün əlverişli zəmin yaradır.
Azərbaycan, Türkiyə və Pakistanın əməkdaşlığı sadəcə üç ölkə arasında dostluq münasibətlərindən daha geniş və dərindir. Bu üçtərəfli format, regional və qlobal geosiyasətdə yeni güc mərkəzi kimi özünü göstərir. Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsindəki dəstəyi, həmçinin Laçın kimi strateji bölgədə birlikdə olmaları, bu ittifaqın yalnız siyasi deyil, həm də hərbi, iqtisadi və ideoloji birlik olduğunu nümayiş etdirir.
Bu üç qardaş ölkənin müttəfiqliyi, xüsusilə müsəlman dünyasının geosiyasi xəritəsində güclü blokun yaranması kimi qiymətləndirilir. Bu, qlobal güc mərkəzlərinin yeni tarazlıq nöqtəsi kimi formalaşır.
Prezident İlham Əliyevin nitqində milli iradə və mübarizə ruhu əsas ideoloji xətt kimi diqqət çəkir. Azərbaycanın tarix boyu yaşadığı ədalətsizliklərə, işğallara və soyqırımlara baxmayaraq, xalqın birliyi, vətənpərvərliyi və qardaş xalqların dəstəyi sayəsində böyük nailiyyətlər əldə etdiyi vurğulanır. Bu, Azərbaycanın öz müstəqilliyini qorumaq və bərpa etmək üçün apardığı siyasi və hərbi mübarizənin ideoloji şərhi kimi qiymətləndirilir. Eyni zamanda, bu, regionda ədalətli və davamlı sülhün təmin edilməsinin əsas şərti kimi göstərilir.
Laçında keçirilən zirvə görüşü və Prezident İlham Əliyevin çıxışı, üç ölkə arasında qardaşlıq münasibətlərinin simvolik və praktiki təzahürüdür. Bu, hər zaman sınaqdan çıxmış, güclənmiş və daha da dərinləşmiş bir ittifaqdır. Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsində göstərdiyi siyasi və mənəvi dəstək, həm də geniş miqyasda ortaq təhlükəsizlik, enerji, ticarət və infrastruktur sahələrində əməkdaşlığın güclənməsinə xidmət edir. Bu üçtərəfli əməkdaşlıq, bölgədə sülh, sabitlik və inkişafın təmin olunması istiqamətində mühüm platforma kimi çıxış edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın strateji hədəflərini də aydın şəkildə ortaya qoydu. Azad edilmiş ərazilərin inkişafı, yeni infrastruktur layihələrinin icrası və bölgədə sosial-siyasi sabitliyin təmin olunması prioritetlər sırasındadır. Bu strategiya Azərbaycan-Türkiyə-Pakistan ittifaqının birgə fəaliyyətləri ilə daha da güclənəcək. Üç ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, birgə təhlükəsizlik tədbirləri, enerji və nəqliyyat layihələri Azərbaycan regionunun önəmli inkişaf amillərinə çevriləcək.
Prezident İlham Əliyevin Laçındakı çıxışı, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün strateji əməkdaşlığının həm tarixi, həm siyasi, həm də ideoloji aspektlərini ustalıqla vurğuladı. Bu çıxış, qardaşlıq, həmrəylik və müstəqillik ruhunun təntənəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın 30 illik ədalətsizlik və işğal tarixindən sonra müstəqilliyini bərpa etməsi və ərazilərini geri qaytarmaqla yanaşı, həm də yeni regional geosiyasi reallıq yaratması, milli iradənin, güclü ordu və iqtisadiyyatın nəticəsi kimi təqdim olunur. Bu, ideoloji olaraq, qlobal və regional sferada azadlıq, müstəqillik və suverenliyin qorunması prinsipinə dərin bağlılıqdır. Qardaş ölkələrlə — Türkiyə və Pakistanla — möhkəm və çoxşaxəli ittifaq Azərbaycanın xarici siyasətində əsas sütundur. Bu ittifaq həm də müsəlman dünyasında birliyə, əməkdaşlığa və regional inkişafın sürətləndirilməsinə nümunədir. Azərbaycanın Türkiyə və Pakistanla olan münasibətləri sadəcə dövlətlərarası əməkdaşlıq deyil, eyni zamanda ortaq dəyərlər, mədəniyyət və tarixə əsaslanan ideoloji birliyə söykənir. Bu, milli-mənəvi köklərin, dil və din birliyinin siyasi platformada güclü şəkildə təzahürüdür. Beləliklə, üç qardaş ölkə yalnız strateji müttəfiq deyil, həm də ideoloji dəyərləri paylaşan, bir-birinin təhlükəsizliyini və suverenliyini qoruyan həmrəy ölkələrdir.
Azərbaycanın yeni inkişaf strategiyasının təməlində dayanan bu ittifaq, regionda davamlı sülhün və iqtisadi tərəqqinin əsas zəmanətidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, üç ölkənin birliyi, həm də xarici müdaxilələrə qarşı dayanıqlılığın artırılması, ortaq təhlükəsizlik məsələlərində mövqeyin bərkidilməsi, və müstəqil siyasətin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Bundan əlavə, bu müttəfiqlik müsəlman aləmində birgə inkişafın, qarşılıqlı dəstəyin və sülhün təmin olunması üçün nümunəvi model kimi çıxış edir. Bu model, geosiyasi rəqabətin artdığı və qlobal güclərin bölgəyə marağının yüksəldiyi bir dövrdə, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında dayanan yeni tipli beynəlxalq münasibətlərin təzahürüdür.
Son olaraq qeyd edək ki,, Prezident İlham Əliyevin Laçındakı çıxışı, Azərbaycan-Türkiyə-Pakistan ittifaqının strateji, siyasi və ideoloji dərinliyini, regionda sabitliyin və inkişafın təmin edilməsindəki rolunu açıq şəkildə nümayiş etdirdi. Bu, həm də Azərbaycanın müstəqilliyini möhkəmləndirən, milli birliyi və dövlət quruculuğunu gücləndirən bir hadisə kimi tarixə düşdü. Üç qardaş ölkənin birliyi, yalnız mövcud çağırışlara cavab vermək üçün deyil, həm də gələcək nəsillər üçün sülh və firavanlıq mühiti yaratmaq üçün mühüm zəmin təşkil edir. Bu birlik Azərbaycanın və ümumilikdə regionun gələcək inkişafında dönüş nöqtəsi olacaqdır. Daha geniş şəkildə desək, bu üçtərəfli əməkdaşlıq müasir dünyada dövlətlərin yalnız geosiyasi və iqtisadi gücünü deyil, həm də ideoloji və mədəni dayaqlarını gücləndirən ən uğurlu modellərdən biridir. Prezident İlham Əliyevin nitqi bu modelin ən yaxşı ifadəsi olaraq Azərbaycan xalqının qürur mənbəyidir və qlobal səviyyədə də diqqətlə izlənilən nümunə kimi qalacaqdır.
Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini
14:05 30.05.2025
Oxunuş sayı: 7008