Futbolçularımız bu günə “Allaha pənah” gəlib çıxıblar - EKSPERT

Son illərdə Azərbaycanda mini futbola maraq xeyli artıb. Futbola həvəsi olan yeniyetmələr arasında yaradılan mini futbol komandaları getdikcə daha da genişlənir və inkişaf edir. Bu idman növündə əldə olunan uğurlar da göz qabağındadır — Azərbaycan mini futbol yığması 2022-ci ildə Avropa çempionu olmuş, 2024-cü ildə isə dördüncü yeri tutaraq növbəti böyük nailiyyətə imza atmışdır. Lakin bu uğurlar fonunda haqlı bir sual meydana çıxır: Niyə biz bu cür nailiyyətləri klassik futbolda görə bilmirik?
Mövzu ilə bağlı futbol eksperti Elçin Cəfərov Crossmedia.az-a açıqlama verib:
“Bunun kökü çox dərinlərə gedib çıxır. Ümumiyyətlə ölkəmizdə futbolun inkişafı son 10-15 ildə düzgün strategiyanın olmamağı, futbolun inkişafı istiqamətində heç bir fəaliyyət planının olmadığı üçün yarımçıq qalıb. Əgər biz 15 il öncə daha fərqli bir strategiya və düzgün planlamayla irəliləsəydik bu gün Azərbaycan klassik komandası arzulanan mini futbol komandamızın uğurlarını qazana bilərdi. Bir futbolçunun yetişməsi üçün onun həm yaş dövrünə həm bədəninə uyğun proqramlar olur ki, bütün bunlar futbolçunun əsl futbolçu profilində yetişməsinə şərait yaradır. Müəyyən vitaminlərin düzgün qəbulu, düzgün vaxt bölgüsü kimi zəruri məsələlər futbolçunun yetişməsində əsas rola malikdir. Bu bizim futbolda illərlə olmadığı üçün futbolçularımız yarımçıq böyüyüb, yarımçıq inkişaf edib və futbolçularımız bu günə Allaha pənah gəlib çıxıblar. Nəzərə almalıyıq ki, mini futbolun müddəti 50 dəqiqədir, stadionun ölçüləri də daha kiçikdir. Məhz bu səbəbdən müəyyən nailiyyətlər əldə edilir. Bugünki futbolumuzun uğursuzluğu və düzgün planın olmaması bizi mini futbola yönəlməyə məcbur edib”.
Ayhan Ağarzayev
12:32 30.05.2025
Oxunuş sayı: 1107