Tarix səhnəsində bir tamaşa: Gerçək yoxsa təsəvvür?

Hər ilin bu günü eyni səhnə qurulur, eyni pərdə açılır və tamaşa yenidən səhnələşdirilir. Tamaşanın adı dəyişmir: “Erməni soyqırımı”. Ssenari köhnədir, amma səhnəyə çıxanlar — bəzi siyasətçilər, media nümayəndələri və lobbi qrupları — rollarını eyni həvəslə ifa edirlər. Bu tamaşada duyğular faktlardan, emosiyalar isə arxivlərdəki sənədlərdən daha üstün tutulur. Bir tərəfdə teatr var, digər tərəfdə isə illərlə toz basmış, dinlənilməyi gözləyən həqiqətlər.
Bu səhnədə erməni xalqı həmişə eyni obrazda təqdim olunur: əzabkeş, yalnız və günahsız. Ancaq 1915-ci ilin qanlı və mürəkkəb reallığı bu sadələşdirilmiş tabloya sığmır. O illər yalnız ermənilər üçün deyil, Anadolu torpaqlarında yaşayan yüz minlərlə müsəlman türk və digər xalqlar üçün də fəlakətli idi. İmperiyaların çökməsi, müharibələr, xəyanətlər və qarşılıqlı qırğınlar dövrü idi. Təəssüf ki, bu mürəkkəb tarix bəzi dairələr tərəfindən siyasi alətə çevrilib və hər il nifrət toxumları səpilməyə davam edir.
Qonşuluğumuzda yerləşən erməni xalqı, sizi bu tarix səhnəsindən bir addım geriyə çəkilib kənardan baxmağa çağırıram. Tarixi duyğularla yox, sənədlərlə, mənbələrlə və obyektiv araşdırmalarla oxumağın vaxtıdır. Tarixdən qisas almaq olmaz – amma tarixdən dərs almaq mümkündür. Əgər həqiqətən də ədalət istəyiriksə, o zaman birtərəfli yaddaşla deyil, qarşılıqlı anlayışla hərəkət etməliyik. Çünki sizin hazırda buna çox ehtiyacınız var. Anlayış göstərməyimiz üçün isə bizimlə razılaşmaqdan başqa yolunuz yoxdur.
Gənc nəsilləri nifrətlə böyütmək, gələcəkdə yeni fəlakətlərə zəmin yaradır. Əgər bu bölgədə sülh və sabitlik istəyiriksə, keçmişin kölgələrini aşmalı, işıqlı və qarşılıqlı anlaşma ilə dolu bir gələcək qurmalıyıq. Bunun üçün isə ortaq tarixi komissiyalarla bir araya gəlmək, arxivləri açmaq və hadisələri bütün tərəflərin baxış bucağından araşdırmaq lazımdır. Tarix boyu Azərbaycan xalqına qarşı törətdiyiniz təxribatlara görə üzr istəyin və hər şeyin daha yaxşı olması üçün səy göstərin. Qaldırdığınız ərazi iddiaları sizə əmin olun ki, heçnə verməyəcək. "Dənizdən dənizə Ermənistan" nəinki ərazilərini genişləndirmək, hətta əlinizdə olan torpaqlardan da olmağınıza səbəb ola bilər.
Tək tərəfli yaddaşla gələcək qurmaq olmaz. Əgər siz də həqiqətən ədalət axtarırsınızsa, gəlin, düşmən obrazlarını yıxaq, önyarqılardan azad olaq və bu coğrafiyada qonşuluq, əməkdaşlıq və etimad körpüləri quraq.
Çünki barış, ancaq həqiqət üzərində qurulmuş cəsarətli bir dialoqla mümkündür. Artıq havadarlarınız sizə dəstək olsalar belə, bu məsələdə nəticə əldə etmək mümkün deyil. Tarix sübut etdi ki, yalanlar üzərində qurulan heç bir iddia əbədi yaşamır. Azərbaycan isə bu yalanlara səssiz qalmadı.
Suverenliyini tam bərpa edən Azərbaycan dövləti artıq diplomatik masalarda deyil, real hüquqi və siyasi müstəvidə haqqını tələb edir. Ermənistanın illərlə beynəlxalq arenada irəli sürdüyü əsassız iddialara qarşı indi Azərbaycanın Hərbi Məhkəməsi qərar verir. Bu qərarlar tarixə, hüquqa və ədalətə söykənir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yalnız torpaqlarımızı azad etmədi, eyni zamanda xalqımızın heysiyyətini, şərəfini və tarixi yaddaşını da müdafiə etdi. Bu gün Azərbaycan dövləti və xalqı həm sülhə, həm ədalətə, həm də haqq səsinə sahib çıxaraq gələcəyə doğru inamla addımlayır.
Unutmayın: Tarix səhnəsində həqiqətlər susmaz. Əsl səhnə bu gün qurulur — bu dəfə sənədlərlə, faktlarla və qalib bir millətin haqq sədası ilə.
Ayhan Ağarzayev
14:58 22.04.2025
Oxunuş sayı: 778