Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf tarixi

Azərbaycanla Gürcüstan arasında dostluq-əməkdaşlıq münasibətlərinin diplomatik tarixi ötən əsrin 90-cı illərindən başlayır.
1992-ci il noyabr ayının 18-də iki ölkə arasında diplomatik əlaqələrin təməli qoyulmuşdur. 1995-ci ildə Gürcüstanın Azərbaycanda ilk səfirliyi,1996-cı ildən isə Azərbaycanın Gürcüstanda ilk səfirliyi fəaliyyətə başlayıb. Bundan başqa 2009-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın baş konsulluğu, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılmışdır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə iki ölkə arasındakı bütün ziddiyyətli münasibətlər aradan qaldırılmış, dostluq-əməkdaşlıq münasibətlərinin güclü təməli qoyulmuşdur.
Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl bu gün Ölkə Başçısı İlham Əliyev tərəfindən uğurla aparılır, daima iki ölkə arasında mühüm layihələrə imza atılır, yeni-yeni müqavilələr imzalanır.
İki ölkə arasında əməkdaşlıq münasibətləri “Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi”, “Qafqazda nisbi siyasi sabitliyin yaranması”, “Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi”, “Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması” istiqamətlərində inkişaf etdirilir.
Azərbaycanla Gürcüstan arasında olan Bakı-Tbilisi-Ceyhan Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyi həyata keçirilir, Bakı-Tbilisi-Qars vasitəsilə isə Asiya və Avropa arasında nəqliyyat bağlantısı təmin edilir. Qeyd etmək lazımdır ki, 2023-cü ildə Gürcüstan üzərindən 11 ölkəyə 25 milyard kubmetr təbii qaz ixrac edilib.
2025-ci il aprel ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili arasında görüş baş tutub. Həmin görüşdən sonra iki ölkə başçısı mətbuat qarşısında bəyanatla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları salamlayaraq Mixeil Kavelaşvilini prezident seçilməsi münasibətilə bir daha təbrik edib. Cənab Prezident İlham Əliyev Mixeil Kavalaşvilinin prezident seçiləndən sonra ilk səfərini Azərbaycandan salmasını yüksək qiymətləndirərək, bunu dostluq və qardaşlıq əlaməti kimi dəyərləndirdiyini qeyd etdi.
Görüş zamanı İlham Əliyev əsas diqqəti iki ölkə arasındakı sülh, mehribanlıq, qardaşlıq əlaqələrinə yönəldərək, dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. Ölkə başçısı çıxışı zamanı iki ölkə arasındakı layihələr, həmin layihələrin istər ölkələrimiz, istərsə də xalqlar üçün böyük önəm daşıması, siyasi əlaqələrin günü-gündən möhkəmləndirilməsi, yüksəksəviyyəli təmasların müntəzəm xarakter daşıması, siyasi dialoqun fəal olması məsələlərinə də toxundu. Çıxış zamanı Ölkə Başçısı qeyd etdi ki: “Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir”.
Ölkə başçısı İlham Əliyev qeyd etdi ki, iki ölkə arasındakı əlaqələrin inkişafı nəqliyyat və enerji sahəsində mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident onu da bildirdi ki, ölkəmiz hazırda 12 ölkəyə təbii qaz ixrac edir və bütün bu ixraclar Gürcüstan vasitəsilə həyata keçirilir.
Bu günə kimi iki ölkə arasında dəmir yolları, limanlar salınmış, görülən bütün işlər Azərbaycanla Gürcüstan arasında sinergiya yaratmışdır. Günü-gündən ölkələr arasında yükdaşımanın da həcmi artır və bunun üçün ölkələrarasında lazımi tədbirlər həyata keçirilir.
Cənab Prezident İlham Əliyev görüş zamanı sözü Gürcüstan Respublikasının Prezidentinə verərək, onun bu görüşlə bağlıfikirlərini dinləyir.
Mixeil Kaveleşvili Prezident İlham Əliyevə qonaqpərvərliyinə görə səmimi təşəkkürünü bildirərək, qonşuluq münasibətlərinin möhkəmliyindən, ölkələrarasındakı mehriban münasibətlərdən söhbət açır. O, söhbət zamanı qeyd etdi ki: “əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaranıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir.
Prezident Mixeil Kaveleşvili bugünkü qloballaşma dövründə də iki ölkənin dostluq münasibətlərini qoruyub, saxlaya bilməsini yüksək dəyərləndirdi. Azərbaycanın qardaş ölkə kimi Gürcüstan üçün xüsusi önəm daşıdığını qeyd edən Mixeil Kaveleşvili qarşıda duran vəzifələrin həlli üçün bütün sahələrdəki əməkdaşlığın xüsusi önəmindən bəhs etdi. O, iki ölkə arasındakı münasibətlərin bundan sonra da davam edəcəyini, yeni-yeni müqavilə və layihələrlə bağlı birgə qərar verəcəklərini Prezident İlham Əliyevə bildirərək, Ölkə Başçımıza bir daha öz dərin təşəkkürlərini bildirdi.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimi
14:18 21.04.2025
Oxunuş sayı: 3017