Yağış zamanı şəhər: Sürüş, yıxıl, qalx, təkrar et







Dünən axşam saatlarından etibarən Bakıda başlayan yağış şəhərin ab-havasına sərinlik, romantika və bir o qədər də çətinliklər gətirdi. Romantika deyəndə, əlbəttə ki, "romantik" taksi qiymətlərini, ilişib qalan avtobusları və su gölməçələri ilə bəzədilmiş asfalt dəhlizlərini nəzərdə tutmuruq.
Uzaqdan gələn qara buludlar şəhəri yavaş-yavaş ağuşuna alarkən, ilk damlalar səssizcə amma bir o qədər də iddialı şəkildə öz sözünü deməyə başladı. Əvvəlcə aramla elə bil yuxarıdan “hazır olun, indi başlayırıq” dedilər, sonra isə təntənəli şəkildə leysana keçdilər...
İsti davam edən günlərin ardından şəhər yenidən payız, hətta deyərdik ki, qış rejiminə qədəm qoydu. Küçələr boyu maşınlar o yan-bu yana şütüyür-daha doğrusu, suyun üzərində sörf edirmiş kimi hərəkət edirlər. Sürücülər sanki Formula 1 yarışındadırlar. Fərq yalnız ondadır ki, onların “pitt stop”u yol kənarında dayanan narazı piyadalardır.
Deyilənə görə ətraf rayonlarda yağış daha intensiv olub. Hətta bəzi yerlərdə yağış və külək birləşərək “yağmaq, əsmək” yox, “ağac yıxmaq", "dam uçurmaq" missiyalarını yerinə yetiriblər. Fövqəladə Hallar Nazirliyi artıq klassik hal almış çağırışı təkrar edib: “Sürücülər ehtiyatlı olun". Əlbəttə, bu çağırış suyun dizə çıxdığı küçələrdə suda süzülən maşınlara nə qədər təsir edirsə, o qədər diqqətə alınır.
Belə bir ifadə var: “Yağış Bakıya yaraşmır". Görünür ki, bu ifadənin ciddilik payı var. Çünki şəhər infrastrukturu hər dəfə bu "məzəli qonaq" gələndə təəccüblənmiş kimi davranır. Elə bil ilk dəfədir yağış görürük. Hər dəfə "bu dəfə də yağışın öhdəsindən gəldik" əhvalı yaşanır, təəssüf ki, növbəti dəfə üçün heç bir dəyişiklik olmadan...
Sonda isə sakinlərə bir daha səbir, sürüşməmək üçün möhkəm dayanıqlılıq və əlbəttə ki, yağış yağarkən həyat dramına bir az da sarkazm qatmağı arzu edirik...
Banuçiçək Kalbalıyeva
Fotolar: Aysel Ağakərimova
19:10 16.04.2025
Oxunuş sayı: 2374