“Ruhundakı qadının səsi ol” adlı seminar keçirilib

Qafqaz Biznes Mərkəzində psixoloq Nabat Mirzəyevanın təşkilatçılığı və "Səsdən Könüllərə"nin təşkilatı dəstəyi ilə “Ruhundakı qadının səsi ol” adlı seminar keçirilib. Qadınların daxili gücünü, psixoloji rifahını və cəmiyyətdəki yerini ön plana çıxarmağı hədəfləyən seminarı iştirakçılar böyük maraqla qarşılayıblar.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Sonra psixoloq Nabat Mirzəyeva açılış nitqi ilə çıxış edib. O, qadının emosional aləminin dərinliyinə enərək, onun öz ruhu ilə əlaqə qurmasının vacibliyini vurğulayıb.
Seminarda Türkiyədən dəvət olunmuş əlaqə kouçu və danışman Asil Moray, eləcə də ICF kouçu və təlimçi Əsmər Ramizqızı çıxış ediblər. Onlar qadın ruhunun gücü, daxili balans və emosional azadlıq mövzularında iştirakçılarla dəyərli fikirlərini bölüşüblər. Çıxışlar seminarın əsas ideyasını – qadının öz səsinə qulaq asması və bu səsi qorumağın əhəmiyyətini bir daha ön plana çıxarıb.
Seminar boyunca müxtəlif psixoloji məşğələlər və interaktiv sessiyalar təşkil olunub. İştirakçılar bir-birləri ilə təcrübələrini bölüşmək, öz daxili səsini daha dərindən dərk etmək imkanı qazanıblar. Tədbirin sonunda iştirakçılara sertifikatlarla yanaşı müxtəlif hədiyyələr təqdim olunub. Bu jest tədbirin xoş və yaddaqalan ab-havasını daha da gücləndirib.
“Ruhundakı qadının səsi ol” seminarı qadınların həm fərdi, həm də sosial inkişafına dəstək verən ilhamverici platforma kimi yadda qalıb. N. Mirzəyeva qeyd edib ki, bu təşəbbüs davamlı olacaq və daha geniş auditoriyanı əhatə edəcək.
Gültac Mehdizadə
22:20 06.04.2025
Oxunuş sayı: 1235