Azərbaycanın enerji siyasəti: iqtisadi qazanc, geosiyasi oyunçu

Cənub Qaz Dəhlizi təkcə iqtisadi layihə deyil, həm də Azərbaycanın geosiyasi çəkisini artıran vacib amillərdən biridir. Bu layihə sayəsində ölkəmiz Avropa bazarında mühüm enerji təchizatçısına çevrilib və bu, təkcə iqtisadi fayda deyil, həm də beynəlxalq arenada siyasi təsir imkanları yaradır.
Crossmedia.az mövzuyla bağlı iqtisadçı ekspert Günay Hüseynovaya müraciət edib. İqtisadçı qeyd etdi ki, ixrac coğrafiyasının genişlənməsi ölkəyə daha çox valyuta axını gətirir. Bununla yanaşı, bu cür böyük layihələr Azərbaycanın regional liderliyini möhkəmləndirir və xarici investorlar üçün cəlbedici edir: "Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərinin 3-cü iclası keçiriləcək. Artıq bu kimi tədbirlər 10 ildir həyata keçirilir. Azərbaycan və Avropa ölkələri bir-birini beynəlxalq arenada dəstəkləyir, enerji təhlükəsizli məsələlərində sıx əməkdaşlıq edir.
Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropa bazarlarına çatdırılması bununla yanaşı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və “yaşıl enerjinin” sinerjisinin yaradılmasında olduqca mühüm rol oynayır. Bu layihə çərçivəsində Azərbaycan qazı daha çox Avropa ölkəsinə ixrac olunur, bununla belə ixrac olunan qazın həcmində də artım var.
Bugünkü keçirilən tədbirdə enerji məsələrinin müxtəlif aspektləri müzakirə olunacağı gözlənilir. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələləri həmçinin yeni təchizat coğrafiyasının yaradılması müzakirə predmeti sırasındadır. Ötən illərdə olduğu kimi bu il də məşvərət şurası tərəfindən enerji təhlükəsizliyi müzakirə obyektidir. Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatı üçün bir növ yeni bir yoldur. Əslində qaz ixracatımız bir çox ölkələrlə var. Lakin bu layihə çərçivəsində interkonnektorlar əlavə edilib. Ötən illərdə də bu layihəyə bir sıra ölkələr qoşuldu bununla da İxrac coğrafiyamız genişləndi. İxrac coğrafiyasının genişlənməsi ölkəmiz üçün daha çox valyuta axınıdır".
Həmayıl Şükürova
12:27 04.04.2025
Oxunuş sayı: 6697