Tramp 530 min miqrantın müvəqqəti hüquqi statusunu ləğv edəcək

ABŞ Prezidenti Donald Tramp ölkədə yaşayan 530 min kubalı, haitili, nikaraqualı və venesuelalı miqrantın müvəqqəti hüquqi statusunu ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Crossmedia.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu qərar, keçmiş prezident Co Bayden dövründə miqrantlara verilən və ABŞ-də sponsorları olduqda hava yolu ilə ölkəyə giriş icazəsi verən iki illik “şərti azadlıq” müddətinin 24 aprel tarixində başa çatması ilə qüvvəyə minəcək.
530 min miqrant Bayden administrasiyasının qanuni miqrasiya yollarını açmaq üçün başladığı sponsorluq proqramı çərçivəsində ABŞ-a gətirilmişdi. Tramp vəzifəyə gələr-gəlməz bu proqramı dayandırıb.
Məlumata görə, bu miqrantlardan neçəsinin ABŞ-da qalmasına imkan verəcək başqa bir hüquqi status əldə edə bildiyi hələlik məlum deyil.
Proqram 2022-ci ildə Demokrat Prezident Co Baydenin dövründə başlanmış, əvvəlcə venesuelalıları əhatə etmiş, daha sonra isə digər ölkələrdən olan miqrantlara da şamil edilmişdi.
Mədinə Cəlilova
16:45 22.03.2025
Oxunuş sayı: 1270