Avropada NATO narahatlığı: ABŞ-a qarşı yeni müdafiə planı
İngiltərə mətbuatı Avropanın aparıcı hərbi güclərinin, qitənin müdafiəsində ABŞ-dən daha çox məsuliyyət götürmək üçün planlar hazırladığını bildirib.
Crossmedia.az İngiltərə mətbuatına istanədən xəbər verir ki, Donald Trampın ABŞ-nin NATO-dan birtərəfli çıxışı ilə bağlı səsləndirdiyi təhdidlər Avropa ölkələrində narahatlıq yaradıb. İngiltərə, Fransa, Almaniya və Skandinaviya ölkələri bu təhlükəyə qarşı qeyri-rəsmi, lakin strukturlaşdırılmış müzakirələrə başlayıb. Məqsəd, maliyyə və hərbi yükü Avropa ölkələrinə yönəltmək və NATO-nun iyun ayında Haaqada keçiriləcək sammitindən əvvəl bu planı ABŞ-ə təqdim etməkdir.
Plana əsasən, Avropa ölkələri müdafiə xərclərini artırmaq və hərbi imkanlarını gücləndirmək üçün konkret öhdəliklər götürəcək. Bununla Trampın ABŞ-nin daha çox Asiyaya yönəlməsinə razılıq verməsi hədəflənir.
Hazırda ABŞ NATO üzrə bütün müttəfiqlərdən daha çox hərbi xərclər çəkir, Avropada 80 min əsgər saxlayır və qitədə kritik hava, dəniz və quru bazalarına nəzarət edir. Bundan əlavə, ABŞ-nin nüvə silahlarını daşıyan bir neçə Avropa hava qüvvəsi ilə birgə fəaliyyət göstərir.
Trampın seçilməsindən sonra Almaniya, Fransa və İngiltərə hərbi xərclərini artırmağa başlayıb. AB isə üzv ölkələrin hərbi investisiyalarını sürətləndirmək üçün addımlar atır.
Avropa dövlətlərinin ABŞ-nin nüvə qüvvələri istisna olmaqla, digər hərbi imkanlarını əvəz edəcək gücə çatması üçün bu prosesin 5-10 il çəkəcəyi bildirilir.
Bir Avropa rəsmisi bu planı “Yeganə çıxış yolumuz xərcləri artırmaq və ABŞ-dən asılılığı azaltmaqdır” sözləri ilə izah edib. Lakin o, bu işin miqyasının Avropadakı liderləri belə heyrətləndirdiyini qeyd edib.
Mədinə Cəlilova
15:40 22.03.2025
Oxunuş sayı: 1130