Ölümün kölgəsində: 20 Yanvar metrosunda qanlı mart


Bakı metrosunun divarları bəlkə də çox hadisələrə şahidlik edib. Amma 1994-cü ilin mart ayının 19-u, saat 13:00-da baş verən o qanlı partlayış heç vaxt unudulmayacaq. O gün 20 Yanvar metrostansiyası təkcə bir nəqliyyat nöqtəsi deyil, insan talelərinin faciəvi şəkildə qırıldığı yerə çevrildi.
Bütün şəhər sanki bu partlayışın səsindən donub qaldı. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba partladı və qəfil qaranlıq düşdü. Havaya qalxan alov, dağılan dəmir parçaları, vahimə içində qışqıran insanlar… Partlayış 14 nəfərin həyatını qoparıb apardı, 49 nəfər isə müxtəlif dərəcəli xəsarət aldı. O həlak olanların içində Azərbaycanın xalq artisti Rafiq Babayev də var idi – səhnələrin parlaq ulduzu qəfil sönən çırağa döndü.
Amma bu bir təsadüf deyildi. Sonradan aparılan istintaq işləri göstərdi ki, bu, öncədən planlaşdırılmış terror aktı idi. Ermənistan xüsusi xidmət orqanlarının dəstəyi ilə hazırlanan bu dəhşətli əməl, Azərbaycanın sabitliyini pozmaq, insanlara qorxu və xof aşılamaq üçün törədilmişdi. "Sadval" təşkilatının üzvləri bu qətliamı həyata keçirmiş, məqsədləri isə yalnız terror və qan tökmək olmuşdu. Onların təlim keçdiyi düşərgələr, aldıqları göstərişlər və Bakıdakı digər obyektlərə planlaşdırılan partlayışlar – hamısı təsdiq edildi.
Lakin Azərbaycan susmadı. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə hadisəni törədən terrorçularla bağlı istintaq işi başladı. İstintaq nəticəsində saxlanılanlar ədalət qarşısında cavab verdilər. Onlardan 11 nəfəri məhkum edildi, ikisi ölüm cəzasına məhkum olundu. Amma itirilən həyatları geri qaytarmaq mümkün olmadı…
Bakı o gün qan ağlamışdı… Şəhidlərin qanı torpağa qarışsa da, unudulmadı. 20 Yanvar metrostansiyası yalnız bir dayanacaq deyil, həm də Azərbaycan xalqının terrora qarşı sarsılmaz iradəsinin simvoludur.
Ayhan Ağarzayev
14:30 19.03.2025
Oxunuş sayı: 747