ARDNF Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) media nümayəndələri üçün “ARDNF Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri” mövzusunda tədbir təşkil edib.
Müzakirə formatında baş tutan görüşün məqsədi fondun investisiya fəaliyyətinin nəticələri, 2025-ci il üzrə investisiya strategiyası və maliyyə bazarlarındakı əsas trendlərlə bağlı media nümayəndələrini məlumatlandırmaq olub.
Tədbirin açılışında ARDNF-in icraçı direktorunun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyeva çıxış edərək media nümayəndələrini salamlayıb, tədbirin əsas məqsədini vurğulayıb və müzakirə olunacaq mövzuların qısa icmalını təqdim edib.
Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy və həmin departamentin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsinin müdiri Toğrul Rəhimbəyli ARDNF-in 2025-ci il üzrə investisiya strategiyası və perspektivləri barədə geniş təqdimat ediblər. Onlar qlobal iqtisadi trendlər və uzunmüddətli dövr üçün əsas investisiya prioritetlərini vurğulayaraq yeni yaranan investisiya imkanlarının qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov isə 2024-cü ilin investisiya nəticələri və bazar şərtləri barədə ətraflı məlumat təqdim edib. O, ilin əsas göstəricilərini, investisiya portfelinin müxtəlif seqmentlərinin (səhmlər, istiqrazlar, daşınmaz əmlak, və s.) gəlirliliyini, eləcə də beynəlxalq maliyyə bazarlarındakı əsas meyillərin ARDNF-in investisiya fəaliyyətinə təsirini şərh edib.
Sual-cavab sessiyasında media nümayəndələri fondun investisiya portfelindəki diversifikasiya strategiyası, qlobal bazar dalğalanmalarının ARDNF-in planlarına təsiri, eləcə də fondun investisiya gəlirliliyinin artım dinamikası və gələcək hədəfləri barədə suallar ünvanlayıblar.
23:12 06.03.2025
Oxunuş sayı: 457