Aya enən ilk robot qaranlıq krateri araşdıracaq

ABŞ-nin Texas ştatında yerləşən Intuitive Machines şirkətinin hazırladığı IM-2 missiyası çərçivəsində Aya göndəriləcək yeni nəsil tullanan robot, indiyə qədər kimsənin daxil olmadığı qaranlıq bir Ay kraterini araşdıracaq. Missiyanın əsas məqsədi Ayın cənub qütbündə yerləşən kölgəli kraterlərdə su buzunun olub-olmadığını müəyyənləşdirməkdir.
IM-2 missiyası, NASA-nın dəstəyi ilə həyata keçirilən və özəl şirkətlərin Ay səthinə eniş sistemləri hazırlamasını təşviq edən Commercial Lunar Payload Services (CLPS) proqramı çərçivəsində maliyyələşdirilir. Bu proqram 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası dövründə başladılıb və 2028-ci ilə qədər 2.6 milyard dollar ayrılması nəzərdə tutulub. Intuitive Machines şirkəti bu missiya üçün 47 milyon dollar maliyyə alıb.
IM-2 missiyası SpaceX Falcon 9 raketi ilə 26 fevral tarixində Florida, Cape Canaveral kosmodromundan fəzaya göndəriləcək. "Athena" adı verilən eniş aparatı avtomobil ölçüsündə olacaq və NASA-nın Ayda gələcək insan missiyalarına hazırlıq görmək üçün yaratdığı yeni Ay iqtisadiyyatının bir hissəsinə çevriləcək.
Zeynəb Yunuszadə
17:00 01.03.2025
Oxunuş sayı: 959